Quba və Xaçmazda “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda təlim keçirilib
- 29 iyul, 2023
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Yaşıl İqlim Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi Quba və Xaçmaz rayonlarında fermerlər üçün “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda təlim keçirib.
"Report"un Şimal bürosunun məlumatına görə, Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsi çərçivəsində əvvəlcə Qubada təşkil olunan təlimdə yerli fermerlərə, - "İqlim dəyişməsi və iqlim dəyişməsinə adaptasiya", "İqlim dəyişməsinin kənd təsərrüfatına təsirləri", "Kənd təsərrüfatında sudan səmərəli istifadə və müasir suvarma sistemləri", "Quraqlığa və Şoranlığa davamlı taxıl sortlarının yetişdirilməsi", "İqlim dəyişiklərinin kişi və qadınlara təsiri" və "Sudan səmərəli istifadə də qadınların və kişilərin töhfələri" mövzularında təlimlər keçirilib.
Aqrar Xidmətlər Agentliyinin, Aqrar Təlim Mərkəzinin direktoru Azər Sərdarlı çıxış edərək bildirib ki, iqlim dəyişikliyi Azərbaycanda taxıl və meyvə sahələri başda olmaqla, kənd təsərrüfatına ciddi təsir göstərir: - Fermerlər bu təsirləri azaltmaq üçün bir sıra strategiyalardan tədbiq edə bilərlər. Taxılçılıqda sudan istifadəni optimallaşdırmaq üçün müasir suvarma sistemlərinin mənimsənilməsi, quraqlığa və şoranlığa davamlı taxıl növlərinin becərilməsi, bitki sıxlığının hava proqnozlarına uyğun tənzimlənməsi və qabaqlayıcı aqrokimyəvi tədbirlərin görülməsi əsas yanaşmalardandır.
BMT-nin İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev isə çıxışında vurğulayıb ki, zərərvericilər və onların iqlim dəyişikliklərinə reaksiyası haqqında aydın anlayışa malik olmaq zərərvericilərə qarşı mübarizə tədbirlərinin daha effektiv həyata keçirilməsinə imkan verir: "Bu strategiyaları qəbul etməklə Azərbaycanda kənd təsərrüfatında iqlim dəyişikliyinin yaratdığı çətinliklərin öhdəsindən daha yaxşı gəlmək olar.
Digər tərəfdən, fermerlər meyvə sahələri üçün həm ənənəvi şaxtaya qarşı mübarizə üsullarından, həm də su çiləyicilər, kölgələmə sistemləri və doluya davamlı örtüklər vasitəsilə yeni növ anti-donma üsullarından istifadə etməklə həssas havaya hazırlaşa bilərlər".
İki gün davam edən təlim Quba və Xaçmaz rayonlarında yerli fermerlərə kənd təsərrüfatının davamlı inkişafına nail olmaq yolları, o cümlədən, quraqlığa və şoranlığa davamlı taxıl növlərinin becərilməsi, kənd təsərrüfatında müasir suvarma sistemlərində sudan səmərəli istifadə, meyvə bağlarında gözlənilən sərt hava şəraitinə hazırlıq üçün profilaktik tədbirlərdən ibarət olub.
Həmçinin, proqramın bir hissəsi olaraq, layihə komandası yerli fermerlər üçün iqlim dəyişikliyi ilə əlaqədar kənd təsərrüfatı sektorunda üzləşdiyi problemlər haqqında məlumatlarını artırmaq məqsədi ilə interaktiv sorğu keçirilib.
Bundan əlavə, iştirakçılar yerli müşavirlərlə birlikdə su sektorunda gender aspektini hərtərəfli müzakirə edərək, iştirakçıları iqlim dəyişikliyinin həm kişilərə, həm də qadınlara diferensial təsirləri, eləcə də sudan səmərəli istifadədə qadın və kişilərin töhfələri haqqında məlumatlandırılıblar.
Qeyd edək ki, təlimin ölkənin 20 rayonunda keçirilməsi nəzərdə tutulub.