Viləşçay su anbarının II növbəsinin tikintisi layihəsinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib

Ekologiya
  • 14 iyul, 2023
  • 14:15
Viləşçay su anbarının II növbəsinin tikintisi layihəsinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib

Masallı şəhərində ətraf mühitə təsirlərin qiymətləndirilməsi üzrə növbəti ictimai dinləmə keçirilib.

“Report”un Cənub bürosunun məlumatına görə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil edilən növbəti ictimai dinləmə Viləşçay su anbarının II növbəsinin tikintisinin “Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi" mövzüsunda keçirilib.

Layihənin ekoloji müzakirəsi zamanı əsas məqsəd obyektiv qiymətləndirilmə, ətraf mühitə təsirlərin azaldılması, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılmasından ibarət olub. İctimai dinləmədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlicançay su anbarı ilə yanaşı, yaradılması nəzərdə tutulan digər su anbarları üzrə operativ və səmərəli şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Vahid İşçi Qrupunun üzvləri, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak ediblər.

Görüşdə çıxış edən Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov layihənin əhəmiyyəti ilə yanaşı, ortaya çıxa biləcək məsələlərə diqqət çəkib. Qeyd edib ki, su anbarının bəndinin qaldırılması nəticəsində birinci növbədə ərazisi, müvafiq olaraq sanitar mühafizə zolağı da genişlənəcək, ətraf əraziləri öz əhatə dairəsinə alacaq. Bu da təbiətə öz təsirlərini göstərməyə bilməz. İkincisi, su anbarının tikintisi istər-istəməz relyefə, iqlimə, qonşu ərazilərə öz təsirini göstərəcək ki, bunlar nəzərə alınmalıdır. Üçüncüsü, rayonda ictimai əhəmiyyət kəsb edən sahələr var ki, bura qəbiristanlıqlar, yol-nəqliyyat infrastrukturu, kommunikasiya xətləri daxildir. Dördüncüsü, bu ərazilərdə yaşayış evləri və istirahət - turizm zonaları var ki, sahibkarların da mənafeyinə təsirsiz ötüşməyəcək. Ona görə çox incə, dəqiq və məsuliyyət yaradan məsələdir. Ətraf mühitin qiymətləndirilməsi sənədində standartlar var. 12 bölmənin hər biri üzrə tələb olunan məqamlar tam ciddiliyi ilə açıqlanmalı, ortaya qoyulmalıdır. Aidiyyəti qurumlar və maraqlı tərəflərin birgə səyi nəticəsində razılaşdırılıb qərar verilməlidir.

Maraqlı müzakirə şəraitində keçən dinləmədə tərəflərin də fikirləri dinlənilib. Narahatlıq doğuran məsələlər barədə söz açılıb. Qeyd olunub ki, hazırda mövcud su anbarında lillənmə səviyyəsi çoxdur, su tutumunun artırılacağı təqdirdə bəndin su sızmalarının daha da artması aşağı ərazidə yaşayan sakinlər üçün təhlükəli ola bilər. Su anbarının genişlənəcəyi və sanitar-mühafizə zolağının yaradılması ilə əlaqədar Şıxlar və Qəriblər kəndinin bir hissəsindəki fərdi evlər, təsərrüfatlar, turizm obyektləri, kənd yollarının bir qismi köçürüləcək, yaxud yenidən qurulacaq.

Şıxlar kənd sakini Elxan Babazadə Viləşçay su anbarının su balansının dəqiq öyrənilməsi, su anbarına axıdılacaq suyun miqdarının nə qədər yetərli olacağını nəzərə almağı tövsiyə edib. Eyni zamanda, onun bildirdiyinə görə, 1959-cu ildə tərtib olunan seysmoloji xəritə ilə tanışdır. Bu xəritəyə əsasən, Viləşçayın yuxarı hissəsindən iki, aşağı Ərkivan qəsəbəsi hissəsindən isə yerin 7 km dərinliyindən keçən bir zəlzələ ocağı xətti qeyd olunur ki, bunu da mütəxəssislər nəzərə almalıdır.

İctimai dinləmədə qaldırılan məsələlər və söylənən narahatlıqlar barədə izahatlar verilib, söylənilən məsələlərin bir çoxunun layihə hazırlanarkən nəzərə alındığı bildirilib.

Layihənin baş mühəndisi Alı Alıyev bildirib ki, anbarın su həcminin artırılması və bəndin qaldırlması üzrə üç varianta baxılıb. Qərar qəbul olunaraq su səviyyəsi 87 metr, ümumi su həcmi 95 milyon kubmetr olan variant üzrə texniki iqtisadi əsalandırma və işçi layihə sənədləri hazırlanıb. Digər məslələrdən biri isə su anbarının mühafizə zonasıdır. Mühafizə zonasına düşən bütün infrastruktur köçürüləcək və yol kənara çıxarılacaq, həmçinin, vətəndaş və sahibkarlara dövlət tərəfindən müəyyən kompensasiyalar ödəniləcək. Masallı–Yardımlı yolunda olan körpü, həmçinin, avtomobil yolunun az bir hissəsi yenidən qurulacaq. Digər məsələ isə termal suların çaya və anbara qarışmasıdır. İçməli su təminatı üzrə illik 8 milyon kubmetr su təmizləmə gücünə malik hazırkı su anbarının potensialının 2 dəfə artırılması nəzərdə tutulub. Layihə həyata keçirilərkən müvafiq dəqiq seysmik hesablanmalar aparıldığından sızmanın olmayacağı bildirilib.

Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə sakinlər, həmçinin, sahibkarlar tərəfindən razılıqla qarşılanıb. Onlar suvarma, içməli su məsələlərinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu bildirərək layihənin tezliklə həyata keçirilməsini arzulayıb, bununla əlaqədar ölkə başçısına minnətdarlıqlarını bildiriblər

Tədbirin 2-ci hissəsində Masallı şəhəri Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində 2 mərtəbəli, 10 mənzilli yaşayış binasının tikintisi üzrə layihənin ekoloji cəhətdən qiymətləndirilməsi müzakirə olunub.