İşğal dövründə Ermənistan Azərbaycana məxsus 7 filiz, 39 qeyri-filiz yatağını qanunsuz istismar edib
- 05 oktyabr, 2026
- 16:16
Yeniliklərdən dərhal xəbərdar olun!
İşğal dövründə Azərbaycana məxsus 7 filiz, 39 qeyri-filiz yatağında Ermənistan tərəfindən qanunsuz istismar faktları qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Environmental Protection First" QHT Koalisiyasının "Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri" mövzusunda keçirdiyi brifinqdə deyib.
O bildirib ki, 2009-2017-ci illərdə qanunsuz metal istismarından İsveçrə qeydiyyatlı "Vallex qrup" və "Base Metals" kimi şirkətlər 177,5 milyon dollar mənfəət əldə ediblər:
"Onlar bununla qanunsuz işğalı maliyyələşdiriblər. Ermənistan tərəfi istismar edilən qızıl və misdən, qırılan ağaclardan 100 milyonlarla dollar gəlir əldə edibsə, onun sülh masasında razılığa gəlmək üçün hansı motivi ola bilərdi? Heç bir motivi yox idi. Sülh onlar üçün bizneslərinin bağlanması demək idi. Sülh danışıqlarının 20-30 il uzanmasının başlıca səbəblərindən biri də bu idi. Sülh bərqərar edilsəydi, o zaman mədənlərdəki fəaliyyətləri dayanacaqdı, pulsuz kömür, su resursları əldən çıxacaqdı. Münaqişəni dondurub saxlamaq onlar üçün çox sərfəli biznes modelinə çevrilmişdi".
P.Vəliyeva qeyd edib ki, Ermənistanın bu fəaliyyətləri nəticəsində regionda fəsadları əsrlərlə davam edəcək ekoloji fəlakət törədilib:
"Mədənlərin tükənənədək vəhşicəsinə qazılması, mis mədənlərinin aqressiv istismarı və qrunt sularının zəhərli tullantılarla zəhərlənməsi kimi zərərləri artıq hüquqla qarşılaya bilmərik. Qırılan nadir qoz və palıd ağaclarının bərpasına bəlkə də yüzilliklər lazımdır. Təbiətə vurulan bu qalıcı yaralar gec sağalır. Bu, bütün bəşəriyyəti düşündürməli olan ekoloji presedentdir".