Fatma Yıldırım: Qanunvericiliyin çevikliyi dayanıqlı inkişafın elementlərindən biridir
- 21 may, 2026
- 10:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Dayanıqlı inkişaf sahəsində nəticələrə nail olmaq üçün hüquqi bazanın və qanunvericilik mexanizmlərinin müasir çağırışlara uyğun olaraq davamlı surətdə təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Fatma Yıldırım Bakıda WUF13 çərçivəsində keçirilən "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, ekoloji təhlükəsizlik, yaşıl iqtisadiyyat, tullantıların idarə edilməsi və enerji səmərəliliyinin artırılması sahələrində qanunvericilik təşəbbüslərinin genişləndirilməsi ölkənin gələcəyi üçün xüsusi strateji əhəmiyyətə malikdir.
Milli Məclisin üzvü vurğulayıb ki, dayanıqlılıq yalnız konsepsiya kimi deyil, həm də dövlət siyasətinin və qanunvericilik sisteminin əsas prioritetlərindən biri kimi nəzərdən keçirilməlidir:
"Bu gün dayanıqlılıq iqtisadi inkişafın, sosial məsuliyyətin və səmərəli idarəetmənin əsas sütunlarından birinə çevrilib. Dünyanın üzləşdiyi iqlim dəyişikliyi, urbanizasiya və resurs çatışmazlığı kimi çağırışlar göstərir ki, gələcəyin inkişaf modeli məhz dayanıqlı yanaşma prinsipləri üzərində qurulmalıdır. Bu kontekstdə WUF13 forumunun Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır".
F.Yıldırım deyib ki, bu forum Azərbaycanın beynəlxalq platformalarda artan təsirinin, qlobal inkişaf gündəliyində fəal iştirakının və müasir şəhərsalma siyasətinin göstəricisidir:
"Azərbaycan həmçinin dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən məsuliyyətli tərəfdaş kimi çıxış edir".