Burada ayılar qış yuxusuna getmir, su samurlarına hər il ad günü keçirilir – ZOOPARKDAN REPORTAJ
- 08 oktyabr, 2025
- 13:30

İlk dəfə zooparkda
Yenə Bakının tıxaclı günlərindən biridir. Reportyor qrupumuzla yollardakı "dəmir ordu"nu yara-yara Zooloji Parka doğru gedirik.
İndiyə qədər heç vaxt zooparkda olmamışam. Bunu yol yoldaşlarımla bölüşəndə əməlli-başlı təəccübə səbəb olsam da, özümü müdafiə eləmirəm...
Nəhayət, Bakı Zooloji Parkının yerləşdiyi əraziyə çatırıq. Sakitlikdir. Adama elə gəlir, bura səs-küylü şəhərin bir parçası deyil. Bir anda toz-dumanın, göydələnlərin əsarətindən xilas olub tamamilə yaşıllığa bürünürük. Bayaqdan bəri qulaqlarımızı döyəcləyən şəhərin səs-küyü, qarmaşa tədricən yoxa çıxır, yavaş-yavaş təbiətin bir hissəsi olduğumuzu hiss edirik.
Qapıda dayanan mühafizəçiyə tanışlıq verər-verməz bir nəfər yeyin addımlarla bizə yaxınlaşır. Məlum olur ki, Bakı Zooloji Parkının baş baytarıdır – Süleymanov Elvin. Onunla söhbət edə-edə, zooparkın dərinliklərinə baş vururuq. Zooparkda ilk dəfə olduğumu bilən Elvin bəy sevincini gizlətmir:
– Onda belə çıxır ki, mən sizin üçün ikiqat bələdçiyəm, – deyir və əli ilə zooparkın hələlik mənim üçün o qədər də böyük görünməyən ərazisini göstərir, – həm jurnalist kimi nə sualınız varsa, verə bilərsiniz, həm də bir ziyarətçi kimi sizi ilk dəfə zooparkla tanış edəcəyəm.
Elə də olur. Təxminən bir saatdan çox davam edən ziyarətimiz zamanı Elvin bəy məni həm bir jurnalist kimi, həm də bir ziyarətçi kimi maraqlandıran bütün suallara cavab verir.
Elvin bəy zooparkda 2021-ci ildən çalışır. Ümumi söhbətimizdən çıxardığım nəticə onun bu işi heç də təsadüfən seçmədiyinə əsas verir. Suallarıma ürəklə və əhatəli verdiyi cavabların isə məni məmnun etdiyini mütləq qeyd eləməliyəm.
Zooparkda qızıl qayda: heyvanlar üçün düzgün qida rasionu
Giriş tərəfdə üzərinə iri hərflərlə "Klinika" yazılmış hissəni göstərib:
– Elə buradan başlayaq, Elvin bəy. Heyvanların peyvəndlənməsi...
Sualı eşidər-eşitməz söhbətə başlayır.
– Ümumiyyətlə, Bakı Zooloji Parkının sağlamlıq baxımından qızıl qaydası heyvanların qida rasionunun düzgün seçilməsidir. Qida nə qədər keyfiyyətlidirsə, qidalanma prosesi nə qədər düzgün aparılırsa, xəstəlik də bir o qədər uzaq olacaq.
Gördüyümüz bu klinika da həmin prosesə, bir növ, cavabdehlik daşıyır. Profilaktik vaksinasiya prosesi ildə üç dəfə aparılır, amma deyim ki, bu proses heyvanın növünə görə dəyişir. Elə heyvan var ki, ona bir dəfə vaksinasiya kifayət edir, eləsi var, iki, yaxud üç. Ümumən, il ərzində aparılan vaksinasiya... – bir qədər ara verib ətrafımızdan o yan-bu yana keçən ziyarətçilərə işarə edib davam edir, – həm ziyarətçilərin, həm də işçilərimizin sağlamlığı üçündür, təbii.

Bu vaxt başımızın üstündən bir sürü quş bir ağacdan digərinə uçur, səs-səsə verib bizə növbəti dəfə şəhərin boz mühitindən uzaqda olduğumuzu xatırladır. Ağaclara göz gəzdirirəm, müxtəlif növ və fərqli hündürlüklər var. Öz-özümə indi ağaclar barədə sual verməyin doğru olmadığını düşünürəm; hər halda, bu günün mövzusu faunadır.
– Zoopark ərazisində kənardan gələn quşlar da olur. Bəs onların xəstəlik gətirmə ehtimalı varmı? – diqqətimi ağaclardan ayırmadan soruşuram. Həmin o quş sürüsü növbəti dəfə bir ağacdan başqa birinə uçur.
– Təbii ki, var. Göyərçin və sərçələr, yaxud digər quşlar vasitəsilə müxtəlif növ infeksion xəstəliklərin yayılması mümkündür. Amma biz bununla da mübarizə tədbirlərini qabaqcadan və davamlı şəkildə aparırıq, – Elvin bəyin müşayiəti ilə yolumuza davam edirik.
Ərazidəki təmizlik və müxtəlif məlumat lövhələrinin mövcudluğu diqqətimi çəkir. Bu ziyarətə hazırlaşarkən Bakı Zooparkının əvvəlki vəziyyəti ilə bağlı bir sıra şəkil və videomateriallara baxmışdım. Ümumiyyətlə, Bakıda zooloji park anlayışı ilə bağlı bir xeyli araşdırma eləmişdim. Belə ki, Bakıda zoopark anlayışı XX əsrin əvvəllərindən etibarən formalaşıb. Məhz bu dövrdə zooloji parkın yaradılması üçün müxtəlif cəhdlər olub. 1923-cü ildə Bakıda ilk özəl heyvanxana, 1928-ci ildə isə zoobağ fəaliyyətə başlayıb. Elə bu tarix də Bakıda zooloji parkın yaradılması tarixi kimi qəbul edilir. Sözügedən Zoobağ 1942-ci ildən etibarən rəsmi olaraq zooparka çevrilir, bir sıra prosedurlardan keçdikdən sonra isə 1945-ci ildə rəsmi açılışı olub.
Zooloji park 1958-ci ildə Bayıl ərazisinə, 1982-ci ildə isə yerləşdiyi ərazidə torpağın sürüşmə təhlükəsinə görə hazırkı məkanına köçürülüb.
Bakı Zooloji Parkı 2019-2021-ci illər aralığında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. Bu yenidənqurma işlərindən sonra park ərazisi müasir standartlara cavab verən formaya gətirilib.
...Getdikcə zooparkın ərazisi barədə yanıldığımı başa düşürəm. Ərazi bir anda mənə həddindən artıq böyük təsir bağışlayır, az qala, özümü şəhərin ortasında böyük meşədə hiss edirəm. Hətta bir neçə dəfə fotoqrafımızla bir-birimizi itirdik də...
– Bakı Zooloji Parkının ərazisi 4, 25 hektardır, – Elvin bəy təəccübümü görüb deyir, – ümumilikdə ərazidə ayda bir dəfə olmaqla dezinfeksiya, dezinseksiya və deratizasiya həyata keçirilir.
Bu üç termini eşitdikdə üzümdəki sualedici nəzərləri görərək davam edir:
– Bunlar müxtəlif mikrob, zərərli həşərat və gəmiricilərə qarşı önləyici tədbirlərdir: bit, birə, gənə, ağcaqanad, gəmiricilər, hörümçəklər...
Dünyanın dörd bir tərəfindən gətirilən heyvanlar
Ətrafda əksəriyyəti mənə tanış olmayan heyvan növlərini gördükcə, az qala, hər biri haqqında suallar verməyə başlayıram.
Zooloji Parkda hər bir heyvan növü üçün xüsusi baryerlər mövcuddur ki, onların ətrafı elektrik naqilləri ilə hüdudlanıb. Bu naqillər təhlükəsizlik tədbirləri üçündür.
– Onlar öldürücü deyil, – Elvin bəy deyir, - amperi zəifdir.
– Burada ən çox hansı qitədən heyvan var?
– Bakı Zooloji Parkında beş qitənin hər birindən heyvan var. Məsələn, Amerika qitəsindən yenot, yaxud Amerika bizonu, Avstraliyadan emu dəvəquşusu, kenquru... Ümumilikdə, burada hazırda 125 növ heyvan mövcuddur, onlardan 33-ü quş, 44-ü məməlidir, digərləri isə suda-quruda yaşayan və sürünənlər.
– Bəs elə olubmu ki, hansısa bir qitədən heyvan gətirilsin, amma Bakı mühitinə adaptasiya olmasın?
Elvin bəy yaxınlıqdakı hasara söykənib mənimlə üzbəüz dayanır. Hiss olunur ki, bu suala daha geniş cavab vermək niyyətindədir.
– Bakı Zooloji Parkı yenidən qurulandan sonra iş prinsipini bir qədər dəyişib. İndi bizdə əsas prinsip heyvanların nümayişi, yaxud buraya yeni heyvan növləri gətirmək deyil, indi əsas məsələ nəsli kəsilməkdə olan heyvanları artırıb çoxaltmaqdır, – bu cümləni deyib bir qədər rahat nəfəs alır, sonra asta-asta davam edir:
– Biz heyvanları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından və yaxud da müxtəlif iaşə obyektlərindən qəbul edirik. Bundan sonra həmin heyvanlar dərhal müayinə olunur. Əgər hər hansısa bir xəstəliyi varsa, müalicə mərhələsinə başlanılır, bundan sonra isə bir aylıq karantinə alınır. Bu da bitdikdən sonra uyğunlaşma mərhələsi başlayır.
Elvin bəy onu da deyir ki, ümumilikdə heyvanların idxal və ixracı xüsusi mütəxəssis rəyləri ilə həyata keçirilir. Onlar iqlim şərtlərini, heyvanların saxlanma yerlərini, qida ehtiyatını və digər məsələləri analiz edir, ona uyğun qərar verirlər.
Bu vaxt bəbirlərin saxlanıldığı yerə çatırıq. Sakit görünürlər.

– Bəs bizdə qara bəbir var?
– Yox, bizdə, ümumiyyətlə, heç vaxt qara bəbir olmayıb. Burada ancaq yerli bəbirlərdir, onlar da "Qırmızı kitab"a düşən nəsildir.
Əlbir olub bir ayı bir canavar ilə?
Zoopark ərazisində heyvanları yuxarıdan izləmək üçün müəyyən hündürlükdə quraşdırılmış müşahidə zonaları var. Biz pilləkənlə həmin yerə qalxırıq və önümüzdə bu dəfə tamam başqa mənzərə açılır. Aşağıdakı geniş ərazidə qonur ayılar görünür. Bivec şəkildə o tərəf-bu tərəfə gəzişirlər. Bu vaxt sosial mediada ayı ilə canavarın eyni yerdə saxlanması ilə bağlı gördüyüm videonu xatırlayıram – nə qədər o yan-bu yana boylansam da, canavar gözə dəymir.

– O düzdür ki, burada canavarla ayı eyni yerdə saxlanılır?
– Bəli, tamamilə, doğrudur və burada qəribə nəsə yoxdur. Hər bir zooparkın üzv olduğu müəyyən assosiasiyalar var. Məsələn, Bakı Zooloji Parkı Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür, eləcə də Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının üzvü olmaq üçün müraciət etmişik. Bu qurumların təyin etdiyi xüsusi standartlar var. Bu standartlara əsasən, müxtəlif növ heyvanlar eyni yerdə saxlanıla bilər. Bu o halda mümkündür ki, onlar bir-birilərinə zərər yetirməsinlər. Məsələn, Berlin Zooparkında zebralarla dəvəquşular bir yerdə saxlanılır. Bizdə ayılarla canavarlar. Dediyim kimi, bu o halda mümkündür ki, həmin heyvanlar bir-birilərinin qida zəncirinə mane olmasınlar, biri digərinə zərər yetirməsin.
– Bir anlıq düşündüm ki, dovşanla canavar eyni yerdə qalır, – deyib təzədən canavarları görmək üçün mümkün qədər ətrafa boylanıram, – əlbir olub bir ayı bir canavar ilə...
Elvin bəy gülə-gülə davam edir:
– Yox, təbii ki, dovşanla canavarın eyni yerdə yaşaması mümkün deyil. Amma ayılar və canavarlar yaşaya bilər, bundan başqa, məsələn, kapivaralarla maralar da eyni yerdədir.
– Kapivara? – heç də tanış olmayan bu adı eşidib ətrafa göz gəzdirirəm.

– Onlar burada yox, bir qədər irəlidədir. Kapivara ən böyük gəmiricidir. Mara da həmçinin gəmiricidir. Onların prinsipcə bir-birilərinə zərər yetirməsi mümkün deyil. Bir də quşların eyni ərazidə yaşaması praktikası var. Və onu da deyim ki, əgər heyvanlar eyni yerdə saxlanılırsa, burada bir çox şərtlər nəzərə alınır. Onların hər biri üçün istirahət otağı, çöl gəzintisi üçün ərazi və digər standartlar mütləq hesablanır.
Heyvanların qidalanma prosesi barədə danışan Elvin bəy ümumi aylıq xərc barədə düşünmədiklərini deyir.
– Aylıq qida xərcini konkret rəqəmlə demək çətindir. Prinsip etibarilə, bu, heç düşünülmür də, burada əsas məqsəd heyvanlar üçün daha yaxşısının təmin edilməsidir.
– Hər heyvandan bir cüt olur, ya necə? – aşağıdakı böyük ərazidə bir cüt ayıya baxa-baxa soruşuram.
– Bu, heyvanların növündən asılı olaraq dəyişir. Quşlardan, məsələn, flaminqoların, yaxud maralların sayı çoxdur, yırtıcılar, adətən, cüt olurlar.
- Tutaq ki, heyvanın balası oldu, sonrakı proses necə olur?
– Böyümə müddəti bitdikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi vasitəsilə onlar təbiətə buraxılır.
– Son zamanlarda belə hallar olub?
– Əlbəttə! Dağıstan turu, Qafqaz maralı, oxatan kirpi, ceyran – bunlar çoxalıblar və təbiətə buraxılıblar. Zooparka gətirilən heyvanlara gəlincə, müxtəlif iaşə obyektlərindən müsadirə olunanlar var: flaminqolar, qu quşları və sair.
Dəvələri görürük. Ağır-ağır gövşəyirlər. Nədənsə mənə elə gəlir, onlar həddindən artıq qocalıblar. Odur ki, heyvanların yaşları barədə soruşuram.

– Hər bir heyvanın özünə aid kartı var, bu kartda onun yaşı, cinsi və digər lazımi məlumatlar qeyd olunur. Eləcə də hər bir heyvanın adı olur. Məsələn, bayaq gördüyümüz ayıların adı Maşa və Nikitdir.
– Ayılar gündə neçə dəfə qidalanır?
– Qidalanma heyvanın növündən və ilin fəslindən asılıdır. Ayılar qış fəslində çox vaxt yatırlar, buna görə qışda gün ərzində bir dəfə, digər fəsillərdə isə iki dəfə. Onlar daha çox meyvə, tərəvəz və sıyıq ilə qidalandırılır.
– O zaman Bakı Zooloji Parkında ayılar qış yuxusuna getmir deyə bilərik?
– Bəli, deyə bilərik. Çünki Bakının temperaturu fərqlidir, ona görə də qış fəslində uzunmüddətli qış yuxusu olmur.
– Bəs bu boyda ayıya gündə bir dəfə yemək bəs edir?
– Bəli, dediyim kimi, qışda onların sakitlik dövrü olur, günün çox vaxtı yatırlar. Amma, məsələn, surikatlar gündə 2-3 dəfə qidalandırılır, baxmayaraq ki, çox balacadırlar.
– Elvin bəy, Bakı Zooloji Parkına panda gətirmək mümkündür?
– Baxın, panda elə bir heyvandır ki, onun hətta dəqiq sayı belə məlumdur. Və pandanı Çin hökuməti başqa ölkəyə vermir. Bu o halda ola bilər ki, müvəqqəti olsun. Bu da müqavilə əsasında olur və zaman bitən kimi geri qaytarılır. Verilmə prosesi də bir xeyli yoxlama, dəqiqləşdirmə tələb edir. Bu şərtlər ödənmədikdə panda verilmir.
– Yaxşı, biz bunun üçün müraciət edə bilərik?
– Edə bilərik, bunun üçün, dediyim kimi, şərait təmin olunmalı, müqavilə bağlanmalıdır. Bundan sonra Çin mütəxəssisləri gəlib əraziyə baxacaqlar, şəraitlə tanış olacaqlar və hətta qida təminatını da özləri edəcəklər.
Diqqətimi kameralar və insanların qida verə bilməməsi ilə bağlı elan çəkir. Elvin bəy dərhal bildirir:
– Bəli, 24 saat kamera nəzarəti var və insanlar tərəfindən heyvanlara qida və içki verilməsi qadağandır. Çünki bizdə qida rasionu tənzimlənib, insanların verdiyi qidalar, məsələn, popkorn, çips və s. heyvanlarda toksik təsirlər yarada bilər.
Heyvanların şahının hüzurunda
Nəhayət, gəlib çıxırıq zooparkın ən dəbdəbəli hissəsinə. Əslində, bu hissədə elə də fərqli nəsə yoxdur, buranı dəbdəbəli edən baryerin o tərəfindəki aslandır. Bir cüt aslan burada sakit-sakit ətrafı müşahidə edir. Bu hökmran duruşun qarşısında adam az qalır ki, təzim etsin.
İlk dəfə idi ki, bir aslanla göz-gözə gəlirdim. Erkək şir bir neçə dəfə əsnəyib pəncəsini yerə döyəcləyir və sonra uzun və aralıqsız şəkildə mənimlə göz təması qurur. Nə vaxtsa oxuduğum, yaxud eşitdiyim bir fikri xatırlayıram: əgər bir şirlə göz-gözə gəlsəniz, qətiyyən qaçmayın və göz təmasını siz də davam etdirin. Belə də edirəm, bir müddət davam edən bu göz dialoqundan Elvin bəyin replikası ilə ayrılıram.

– Adı Simbadır, - bu adı eşidən kimi bir az rahatlıq hiss edirəm: məşhur cizgi filmi qəhrəmanı... Bu ad mənə təhlükəsiz yerdə və uzaqlıqda olduğumu hiss etdirir.
Qəribədir ki, şirlərin saxlanıldığı baryerin bir qədər aşağısında zebralar var. Zebraların olduğu baryer elə yerdədir ki, şirlər asanlıqla onları görə bilir. Bu da taleyin işidir... Eyni mənzərəni Savannada təsəvvür edirəm və düşünürəm: şir və zebra bu qədər yaxın məsafədə... yəqin ki, bu yalnız bir neçə saniyə çəkə bilərdi.
– Yəqin, bu aslanlar ac vaxtlarında zebralara baxıb Savannanı düşünür...

– Biz onları ac qoymuruq, – deyir Elvin bəy, – məncə, bunu düşünməyə vaxtları olmaz.
Qoca aslanlarla sağollaşıb zooparkın digər tərəfinə keçirik.
Kirpinin uzanıqlı vəziyyəti heyvanların da bəzən depressiyaya düşdüyü həqiqətini yadıma salır. Elvin bəydən heyvanların depressiyaya düşüb-düşmədiyini soruşuram.
– Düzdür, heyvanların da psixologiyası var. Onlar mühit dəyişikliyindən dolayı bəzən depressiyaya düşə bilirlər. Biz bunun üçün, eləcə də onların rifahını yüksək tutmaqdan ötrü qidalandırma zamanı müəyyən oyunlar hazırlayırıq. Bu, daha çox yırtıcılara şamil edilir. Məsələn, surikatlar üçün xüsusi qablar düzəldirik, onlar da o qabları axtarıb tapır, yaxud ad günləri edirik, ayılar, su samurları üçün qida rasionuna uyğun buzlu meyvə-tərəvəz tortu hazırlayırıq. Şir-pələng üçün ağaclardan ət parçası asırıq. Qısası, onları aktiv həyata cəlb edərək rifahlarını yüksək tuturuq...
Ərazidə müxtəlif əyləncə obyektləri ilə yanaşı, uşaq meydançası da var. Bütün bunlar uşaqların heyvanlara toxunması, onları daha yaxından görmələri üçün hazırlanıb.

– Bəs zooparka nəhəng heyvanların gətirilməsi mümkündür?
– Bilirsiniz, fil, begemot, zürafə kimi heyvanlar üçün olduqca geniş əraziyə ehtiyac var. Hazırkı şərait buna imkan vermir.
Elvin bəy maralları göstərib davam edir:
– Erkək marallar payızda aqressiv olur, dişilər isə daha çox yazda, analıq dövründə. Erkək marallar bəzən dalaşırlar, ona görə biz onların buynuzunu kəsirik. Bu, ildə bir dəfə olur. Yaz fəslində özü düşür, bunu təbiət nizamlayır. Yazdan payıza qədər çıxır, payızda sümükləşir, proses qış boyunca davam edir, yazda yenə düşür. Hər il isə daha uzun çıxmağa başlayır. Bu da maralın yaşını təyin etməyə kömək edir.
Sonra su heyvanlarının saxlanıldığı hissəyə keçirik. Burada böyük akvariumlarda müxtəlif növ canlılar var. Kaymanlar, tısbağalar, iquanalar, timsah və digər suda və quruda yaşayan heyvanlar ayrıca diqqət çəkir.
Piranya balıqlarını görürəm və dərhal yadıma uşaqlıqda baxdığım film düşür. Filmdə insanlar dəniz sahilində piranya balıqlarının hücumuna məruz qalır. Əllərimi akvariuma döyəcləyib onları qəzəbləndirməkdən özümü güclə saxlayıram.

Nəhayət, zooparka ilk dəfə baş tutan ziyarətim yavaş-yavaş başa çatır.
– Bəs ziyarətçi sayı hansı fəsillərdə daha çox olur?
– Daha çox yaz və payız fəsillərində.
Elvin bəylə söhbət edə-edə yenidən səfərimizin əvvəlindəki yerə – "Klinika" ərazisinə gəlib çıxırıq. Biz çıxışa doğru getdikcə ziyarətçilərin çoxluğu diqqətimi çəkir. İstər yaşlı nəsil, istər gənc, istərsə də uşaqlar... Hamı üçün heyvanlarla təmasda olmaq maraqlı təcrübədir.

Gedərayaq Elvin bəylə Bakı Zooloji Parkını ziyarət qiymətləri ilə maraqlanırıq. Məlum olur ki, biletləri həm onlayn, həm də yerindəcə əldə etmək mümkündür. Böyüklər üçün 7 AZN, 4-16 yaş aralığında olanlar və tələbələr üçün 2 AZN, xarici vətəndaşlar üçün 15 AZN, müharibə veteranları, birinci və ikinci qrup əlillər üçün 2 AZN, şəhid ailələri və 3 yaşa qədər uşaqlar üçün isə pulsuzdur.
Zooloji Parkdan çıxıb irəlidəki balaca parka doğru gedirəm. Hava sakitdir. Ətrafdakı sakitliyi maşın siqnalları və adamların ara-sıra gələn səsi pozur. Parkın ərazisinə keçib irəlidəki dayanacağa doğru sürətimi artırıram. Öz-özümə yazacağım reportaj barədə götür-qoy edirəm, amma nə etsəm də, qoca aslanla göz-gözə gəldiyim məqamı yadımdan çıxara bilmirəm. Zooparkla bağlı təsəvvürümdə tutduğum, az qala, bütün suallara cavab tapsam da, əvəzində indi mənim üçün heç vaxt cavab tapa bilməyəcəyim başqa bir sual yaranmışdı: Görəsən qoca aslan mənə baxanda nə düşünürdü?