Bakıda İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB

Ekologiya
  • 29 sentyabr, 2025
  • 18:07
Bakıda İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB

Bakıda İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb.

"Report" xəbər verir ki, yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilən açılış mərasimində COP29-un nəticələri müzakirə edilib.

Həmçinin "yaşıl" iqtisadiyyat, KOB-lar üçün bacarıqların inkişafı, iqlim qanunvericiliyi və ədalətli keçid mövzularında sessiyalar keçirilib.

Sözügedən sessiyalar çərçivəsində qlobal öhdəliklərin Azərbaycanda konkret fəaliyyətə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planlarının (NAP) transformasiyası, "yaşıl" maliyyənin səfərbər edilməsi və aidiyyəti qurumların gücləndirilməsi kimi mövzular müzakirə olunub.

Bununla yanaşı, həftənin birinci günündə sıfır səviyyəli emissiyaya keçid üçün iqlim qanunvericiliyi və aidiyyəti institutların gücləndirilməsinə həsr olunmuş parlament səviyyəli dəyirmi masa da təşkil olunub. Dəyirmi masada deputat və ekspertlər iqlim qanunvericiliyi sahəsində təcrübələr, eləcə də müstəqil məsləhət şuralarının rolu və özəl sektor investisiyalarının cəlb edilməsi barədə fikir mübadiləsi aparılıb.

Bakı ikinci dəfə İqlim Fəaliyyəti Həftəsinə (BCAW) ev sahibliyi edir.

"Report"un məlumatına görə, ilk tədbir Azərbaycan COP29-a ev sahibliyi etdiyi ərəfədə baş tutub.

Budəfəki iclas isə 29 sentyabr-3 oktyabr tarixləri aralığında keçiriləcək.

Proqram çərçivəsində enerji, maliyyə, iqlim adaptasiyası, kiçik və orta biznes müəssisələri (KOB), eləcə də ədalətli keçid mövzularında yüksək səviyyəli siyasi dialoqlar keçiriləcək.

Həmçinin sənaye və innovasiya liderləri, habelə yaşıl texnologiya sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin iştirakı ilə sektor üzrə dəyirmi masalar, iqlim idarəçiliyi və fəaliyyətinə yeni baxış bucağı təklif edən gənclərin moderatorluğu ilə sessiyalar baş tutacaq.

Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 çərçivəsində əsas diqqət iqlim tədbirlərinin sürətləndirilməsinə, eləcə də hökumətlər, şirkətlər, elmi dairələr arasında iqlim üzrə həll yönümlü əməkdaşlığın inkişafına yönəldiləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti