Azərbaycanda meşə quruluşu və planlaşdırma xəritələrinin hazırlanması işləri tamamlanmaq üzrədir

Ekologiya
  • 07 noyabr, 2025
  • 09:21
Azərbaycanda meşə quruluşu və planlaşdırma xəritələrinin hazırlanması işləri tamamlanmaq üzrədir

Azərbaycanda meşə sahələrində meşə quruluşu və planlaşdırma xəritələrinin hazırlanması işləri tamamlanmaq üzrədir.

"Report" xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidməti məlumat yayıb.

Bildirilib ki, meşə fondu torpaqlarında qanunsuz ağac kəsintisinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində xüsusi həssas meşə ərazilərində ağacların inventarlaşdırılması və nişanlanması işlərinə başlanılıb.

İlkin mərhələdə bu proses cənub bölgəsində, Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət etdiyi Yardımlı və Cəlilabad meşələrində aparılır və mərhələli şəkildə daha həssas, risk səviyyəsi yüksək olan digər meşə fondu torpaqlarında davam etdiriləcək.

Nişanlanma prosesi zamanı hər bir ağacın növü, diametri, yaşı və digər göstəriciləri qeydə alınır. Ağaclara yerləşdirilən nişanlardakı QR kod vasitəsilə ictimaiyyət www.agac.az portalından hər bir ağac haqqında məlumat əldə edə biləcək. Bu sistem meşələrin mühafizəsinin gücləndirilməsinə və şəffaflığın artırılmasına imkan yaradacaq.

Qeyd edilib ki, ölkə üzrə meşə fondu sərhədlərinin dəqiqləşdirilməsi və dürüstləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görülür, meşə fondu xəritələri yenidən işlənilir. Artıq iki ilə yaxındır ki, Meşələrin İnkişafı Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti bu istiqamətdə birgə fəaliyyət göstərir. Hazırda proses yekun mərhələdədir və 2025-ci ilin sonuna kimi başa çatdırılacaq.

Meşə fondu torpaqlarında yerləşən rekreasiya fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə genişmiqyaslı təftiş işləri aparılıb, qanunvericiliyin tələblərinə cavab verməyən fəaliyyətlər məhdudlaşdırılıb, müvafiq müqavilələrə xitam verilib. Hazırda bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.

Vurğulanıb ki, görülən tədbirlər nəticəsində son bir il ərzində 1869 hektar meşə fondu torpağı zəbtdən azad edilərək meşəbərpa işlərinə cəlb olunub.

Qış mövsümünə hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, eləcə də təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində odun tədarükü işləri davam etdirilir. Odun tədarükü məqsədilə müəyyən edilən qırma sahələrinin siyahısı 6 avqust 2025-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında yerləşdirilib və odun tədarükü yalnız qeyd olunan sahələrdə həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti