Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb

Ekologiya
  • 18 oktyabr, 2025
  • 10:39
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb

Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir.

"Report"un məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində söyləyib.

"Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib.

Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir", - dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir.

"Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir", - Prezident qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti