Amin Məmmədov: Ermənistanın dağ-mədən sənayesi bölgənin ekologiyasına təhdidlər yaradır

Ekologiya
  • 05 oktyabr, 2026
  • 15:40
Amin Məmmədov: Ermənistanın dağ-mədən sənayesi bölgənin ekologiyasına təhdidlər yaradır

Ermənistanın dağ-mədən sənayesi nəinki bu ölkənin, eyni zamanda, bölgənin ekologiyasına təhdidlər yaradır.

"Report" xəbər verir ki, bunu "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov "Environmental Protection First" QHT Koalisiyasının "Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri" mövzusunda keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistanın dağ-mədən sənayesinin tullantıları qrunt suları vasitəsi ilə transsərhəd çaylarına düşür və digər ölkələrin ekologiyasına ziyan vurur:

"Alaverdi və Sünikdə olan karxanalar xüsusilə qrunt sularının çirklənməsinə təsir edir. Suvarma tələbatını ödəmək üçün Göyçə gölündən axıdılmasına icazə verilən suyun həcmi tarixi təbii axın göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir. Nəticədə Göyçə gölünün quruması təhlükəsi artır, orada olan fauna müxtəlifliyinə mənfi təsir edir. Ümumiyyətlə, Azərbaycan Qafqazda aşağı axın ölkəsi olduğu üçün Ermənistanda transsərhəd çaylarının çirkləndirilməsi ən çox Azərbaycana təsir edir".

A.Məmmədov vurğulayıb ki, Ermənistan hökuməti hələ də bu fəaliyyətlərlə bağlı ESPO Konvensiyasının tələblərinə əməl etmir:

"Ermənistan bu çərçivədə şəffaflığı təmin etmir və eyni zamanda, qonşu ölkələrin nə hökumətlərinə, nə də cəmiyyətlərinə ESPO Konvensiyasının tələblərinə uyğun olaraq götürdükləri öhdəliklərə əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə hesabatları təqdim etmir. Halbuki transsərhəd kontekstində ətraf mühitə təsirlərin qiymətləndirilməsi üzrə BMT-nin əsas sənədi olan ESPO Konvensiyasına görə onlar bunu mütləq şəkildə etməli idilər. Ermənistanda keçmiş Sovet dövründən istismar olunan və fəaliyyəti hələ də davam edən Metsamor Atom Elektrik Stansiyasının mövcudluğu da ciddi narahatlıq yaradır".

44 filmi