Yerlan Karin Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin prioritetlərini açıqlayıb

Din
  • 07 oktyabr, 2026
  • 09:51
Yerlan Karin Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin prioritetlərini açıqlayıb

Qazaxıstanın vitse-prezidenti - Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin rəhbəri Yerlan Karin Qurultay Katibliyinin gələcək işinin prioritetlərini açıqlayıb.

"Report"un Astana ezam olunmuş əməkdaşı xəbər verir ki, o, bu barədə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında bildirib.

Onun sözlərinə görə, qurultayın təşəbbüslərini razılaşdırılmış sənədlərə və konkret addımlara çevirmək lazımdır: "Bunun üçün dini birliklər, BMT strukturları və digər beynəlxalq təşkilatlarla birlikdə onların təşviqinə kömək etmək lazımdır".

Y.Karin, həmçinin sahə mütəxəssislərini və vətəndaş cəmiyyəti nümayəndələrini cəlb etməklə ekspert qiymətləndirməsi mexanizmlərini müəyyən etməyin zəruriliyini qeyd edib: "Həmçinin beynəlxalq təşəbbüsləri genişləndirmək və onları Katibliyimizin işi çərçivəsində praktiki nəticələrə yönəltmək lazımdır".

O bildirib ki, qurultayda müzakirə olunan hər bir qərarın mərkəzində insan və onun ləyaqəti dayanmalıdır.

Karin həmçinin qeyd edib ki, 2027-ci ildə Katibliyin 25-ci iclası keçiriləcək, 2028-ci ildə isə Dünya və ənənəvi dinlərin liderlərinin ilk Qurultayının keçirilməsinin 25-ci ildönümü olacaq. Onun sözlərinə görə, bu tarixlər təkcə yekunların hesablanması üçün deyil, həm də Qurultayın fəaliyyətinin inkişafında yeni mərhələyə keçid üçün əsas olmalıdır.

"Biz birgə işin konkret nəticələri barədə daha aydın anlayış formalaşdırmalıyıq", - o əlavə edib.