Yerlan Karin: Dini liderlər Sülh Uğrunda Qlobal Hərəkatın mənəvi özəyi ola bilərlər

Din
  • 07 oktyabr, 2026
  • 09:37
Yerlan Karin: Dini liderlər Sülh Uğrunda Qlobal Hərəkatın mənəvi özəyi ola bilərlər

Dini liderlər Sülh Uğrunda Qlobal Hərəkatın mənəvi özəyi ola bilərlər.

"Report"un Astanaya ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Qazaxıstanın vitse-prezidenti - Dünya və ənənəvi dinlər liderləri Qurultayı Katibliyinin rəhbəri Yerlan Karin Qurultay Katibliyinin XXIV iclasında bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Dünya və ənənəvi dinlər liderlərinin VII Qurultayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sülh uğrunda yeni qlobal hərəkat yaratmaq çağırışı ilə çıxış edib, VIII Qurultayda isə bu ideyanı Qurultay çərçivəsində müzakirə etməyi təklif edib.

"Bu təşəbbüs mənəvi diplomatiyaya beynəlxalq münasibətlərdə daha əhəmiyyətli rol verməyə yönəlib", - Y.Karin bildirib.

O qeyd edib ki, dini liderlər zorakılığı dayandırmaq və münaqişələrin dinc həlli yollarını axtarmaq üçün birləşdirici, siyasiləşdirilməmiş çağırışla çıxış edə bilərlər.

Y.Karin vurğulayıb ki, VIII Qurultayın yekunları üzrə qəbul edilmiş Astana Sülh Bəyannaməsi sülh və təhlükəsizlik, ekstremizmə qarşı mübarizə və dini obyektlərin qorunması məsələlərinə dair ümumi mövqeyi müəyyən edir.

Onun sözlərinə görə, bəyannamədə gənclərin və qadınların rolu, ətraf mühitin mühafizəsi və yeni texnologiyaların tətbiqinin etik prinsipləri məsələlərinə də toxunulur: "Biz həmçinin Bəyannamənin təşviqi və onun praktiki icrasının dəstəklənməsi üzrə yol xəritəsini qəbul etdik".