Ramin Məmmədov İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvü ilə görüşüb
- 08 oktyabr, 2025
- 13:03

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin "On iki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar ilə görüşüb.
Bu barədə "Report"a Komitədən məlumat verilib.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə məscid və kilsələrin bərpası Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini nümayiş etdirir.
Dini qurumlarla əməkdaşlıq siyasətinin məqsədi cəmiyyətdə qarşılıqlı anlaşmanın, həmrəyliyin və mənəvi dəyərlərin qorunması, eləcə də təşviqidir.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan Ramin Məmmədov görüş iştirakçılarını dini icmaya məxsus kilsənin yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan açılış mərasiminə dəvət edib.
Deyvid Bednar Azərbaycanın sülh quruculuğu və dinlərarası dialoq prosesindəki roluna toxunaraq Azərbaycanda təkcə ənənəvi dinlərin yox, onların müxtəlif qollarının mənsublarına da sərbəst şəkildə ibadət etmək imkanının yaradılmasını yüksək qiymətləndirdiyini deyib.
Bildirib ki, Azərbaycanda dini konfessiyalara münasibət, tarixi-dini abidələrin bərpasına göstərilən xüsusi diqqət, dinlərarası dialoq mövzusunda təşkil olunan beynəlxalq konfranslar dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını nümayiş etdirir.
Kilsənin "Yetmiş Həvari Kvorumu"nun üzvü Cek Gerardın da iştirak etdiyi görüşdə əməkdaşlıq perspektivləri, beynəlxalq platformalarda Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin təbliği barədə fikir mübadiləsi aparılıb.