Ramin Məmmədov: Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edirlər
- 05 noyabr, 2025
- 12:19
Azərbaycandakı unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Fərqliliyin rəngi" festivalında çıxışı zamanı deyib.
O qeyd edib ki, konstitusiyada təsbit olunan vicdan azadlığı və bütün dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri tolerantlıq modelinin əsas hüquqi dayağı, xalqın əsrlər boyu formalaşdırdığı birgəyaşayış fəlsəfəsinin təsdiqidir:
"Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır".
Komitə sədri əlavə edib ki, bu festival da Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqın birgəyaşayış fəlsəfəsinin ifadəsidir:
"Bir müddət öncə Dövlət Suverenliyi Gününü qeyd etdik. Üç gün sonra isə Azərbaycan tarixinin ən şanlı tarixini – Zəfər Gününü qeyd edəcəyik. Tarixə qızıl hərflərlə yazılan bu qələbələr xalqımızın azadlıq, ədalət və milli birliyə sarsılmaz inamının təntənəsidir. Suverenlik və Zəfər - Konstitusiyamızın, dövlətçiliyimizin və birliyimizin təməl sütunlarıdır".