Mübariz Qurbanlı İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb
- 03 noyabr, 2016
- 12:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, M.Qurbanlı Azərbaycanla İndoneziyanın müvafiq qurumlarının dini məsələlərlə bağlı əməkdaşlığının zəruri olduğunu vurğulayıb. İki xalqın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını qeyd edən Dövlət Komitəsinin sədri dini radikalizmə qarşı birgə tədbirlərin keçirilməsinin önəmli olduğunu bildirib.
Səfir Azərbaycanın zəngin multikultural və tolerant dəyərlərə sahib ölkə olduğunu bildirərək, ölkənin bu sahədə təcrübəsini öyrənmək üçün maraqlı olduqlarını qeyd edib. O, gələcəkdə İndoneziya mütəxəssislərinin Azərbaycanın multikulturalizm modelini praktik cəhətdən də müşahidə etmələri üçün seminarların, qarşılıqlı səfərlərin təşkilinin vacib olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan İndoneziya üçün bir müsəlman ölkəsi kimi önəmlidir.