Dini liderlər Qlobal Sülh Hərəkatının konsepsiyasını hazırlayacaqlar

Din
  • 07 oktyabr, 2026
  • 13:00
Dini liderlər Qlobal Sülh Hərəkatının konsepsiyasını hazırlayacaqlar

Dünya və ənənəvi din liderləri Qurultayının Katibliyində Qlobal Sülh Hərəkatının konsepsiyası hazırlanacaq.

"Report"un Astanaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstanın vitse-prezidenti - Dünya və ənənəvi din liderləri Qurultayı Katibliyinin rəhbəri Yerlan Karin Qurultay Katibliyinin XXIV iclasında bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qlobal Sülh Hərəkatının yaradılması təşəbbüsünə xüsusi diqqət yetirmək lazımdır.

"Dini liderlərin birləşdirici rolu və mənəvi diplomatiyanın gücü bu hərəkatın əsas xüsusiyyəti olmalıdır", - o bildirib.

Karin Katibliyə tərəfdaşlarla birlikdə Qlobal Sülh Hərəkatının konsepsiya layihəsini, eləcə də onun yaradılması və beynəlxalq səviyyədə təşviqi üzrə mərhələli plan hazırlamağı tapşırıb.

Onun sözlərinə görə, bu işin ilk nəticələri gələn il Katibliyin XXV iclasında təqdim olunmalıdır. Bundan sonra razılaşdırılmış konsepsiya 2028-ci ildə Dünya və Ənənəvi Din Liderlərinin IX Qurultayının baxışına təqdim edilə bilər.

Y.Karin həmçinin qeyd edib ki, bu gün qəbul edilmiş "İqlim dəyişikliyi ilə mübarizədə dinlərin rolu" və "Dini sahədə süni intellektdən istifadənin etik məcəlləsi" sənədləri praktiki təcəssümünü tapmalıdır.

"İndi əsas prioritetimiz aydındır: qəbul edilmiş qərarlar praktiki fəaliyyətə çevrilməlidir", - o vurğulayıb.