Dini Komitə bölgə əməkdaşları üçün seminar-treninq keçirib
- 30 iyun, 2015
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbənin əməkdaşları üçün seminar-treninq keçirilib. Komitədən "Report"a verilən məlumata görə, məqsəd ştat vahidinin artması və yeni əməkdaşların cəlb olunması ilə əlaqədar bölgə şöbələrinin fəaliyyətində səmərəliliyin artırılması, dövlət-din münasibətləri sahəsində strateji hədəflər istiqamətində məlumatlılığın təmin edilməsidir.
Seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oktay Hüseynov, Dini təhsil sektorunun müdiri Anar Əlizadə, sektorun baş məsləhətçisi Anar Əliyev, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və şöbənin əməkdaşları iştirak ediblər.
Seminarda DQİDK-nın iş prinsiplərinin xüsusiyyətləri ilə yanaşı, bölgədəki dini durum da müzakirə olunub. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, analoji seminar-treninqlərin Dövlət Komitəsinin müvafiq dislokasiyaları üzrə digər regional şöbələri ilə də keçirilməsi nəzərdə tutulub.