Azərbaycanlıların müxtəlif dinlərə və məzhəblərə qarşı tolerantlığı müzakirə olunub
- 17 sentyabr, 2026
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda təşkil olunmuş konfransın panel müzakirəsi zamanı azərbaycanlıların müxtəlif dinlərə və məzhəblərə qarşı tolerantlığı müzakirə olunub.
"Report" xəbər verir ki, panel müzakirədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və digər şəxslər iştirak ediblər.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanda bəzi ibadət yerlərinin tolerantlıq dəyərləri daşıdığını bildirib:
"Azərbaycan İran və Səudiyyə Ərəbistanından sonra peyğəmbər nəslinin yaşadığı əsas yerlərdən biridir. Bu səbəbdən onların yaşadığı ərazilər qorunur. Bu gün Azərbaycanın əksər bölgələrində imamzadələr var. Bu Azərbaycanın tolerantlığının göstəricisidir".
O, həmçinin Təzəpir məscidinin dini-tarixi rolundan danışıb, eyni zamanda, Azərbaycanda sünni-şiə məzhəbləri arasındakı tolerantlığı nümunə çəkib. Gündüz İsmayılovun sözlərinə görə, 1990-cı ildə 20 Yanvar hadisələri zamanı şəhidlər Təzəpir məscidində yuyulub.
Sədr müavini qeyd edib ki, Nuru Paşa da Bakıya gələndə ilk getdiyi yer Təzəpir məscidi olub.
"Həm Şamaxı Cümə Məscidi, həm də İmamzadə Məscidi ermənilər tərəfindən yandırılmışdı. Şamaxı Cümə Məscidində iki mehrab var idi. Yəni bu məsciddə həm şiələr, həm sünnilər ibadətlə məşğul olurdular. Bu, tolerantlığın nümunəsidir. 1918-ci ildə Hamzapsın Qubaya hücumu zamanı ermənilər bir sünni və bir şiəyə silah verərək bir-birini vurmasını tələb edirlər. Lakin onlar o güllə ilə həmin ermənini öldürürlər", - Gündüz İsmayılov söyləyib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva azərbaycanlıların, eləcə də burada yaşayan dini icmalar, etnik qruplar arasında olan tolerantlıqından danışıb.
"Professor Davud Axundov deyirdi ki, ermənilər İrəvana köçürüləndə burada məscid var idi, lakin kilsə yox idi. İrəvanda yaşayan azərbaycanlılar məsciddə ibadət üçün ermənilərə yer vermişdilər. Bu, azərbaycanlıların tolerantlılığının nümunəsdir", - o bildirib.
S.Hacıyeva əlavə edib ki, Azərbaycan ərazisində bir çox dinə aid abidələr mövcuddur:
"Azad edilmiş ərazilərdə olan dini-tarixi abidələr, həm xristian, həm də müsəlman abidələri vandallıq aktına məruz qalıb. Bəzi abidələr elə bir vəziyyətə qoyulub ki, onu xristan və ya müsəlman abidəsinə aid etmək çətindir. Azad edilmiş ərazilərdə böyük kilsələr saxtalaşdırılıb, kiçik kilsələrin isə təmiri üçün hər hansı bir iş görülməyib. Gəncəsər monastrında qəbirlər çıxarılaraq aparılıb, burada qanunsuz olaraq tikinti işləri həyata keçirilib. Nazirlər Kabineti tərəfindən artıq 44 abidə dövlət tərəfindən qorunan abidələr siyahısına əlavə olunub, digərlərinin əlavə olunması üzrə də işlər gedir".