Astanada dini liderlərin iclasında iqlim dəyişikliyi və süni intellektlə bağlı sənədlər təqdim edilib

Din
  • 07 oktyabr, 2026
  • 11:39
Astanada dini liderlərin iclasında iqlim dəyişikliyi və süni intellektlə bağlı sənədlər təqdim edilib

Dünya və ənənəvi din liderləri Qurultayı Katibliyinin iclasında iki birgə sənəd - iqlim dəyişikliyi ilə mübarizədə dinin rolu və dini sahədə süni intellektdən etik istifadəyə dair sənədlər təqdim edilib.

"Report"un Astana ezam olunmuş əməkdaşı xəbər verir ki, sənədləri Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin sədri Gülsana Kojabay təqdim edib.

Onun sözlərinə görə, bir gün əvvəl Katibliyin işçi qrupu hər iki sənədi nəzərdən keçirib və onların iclasda təqdim olunmasını təsdiqləyib.

"İqlim dəyişikliyi ilə mübarizədə dinin rolu" sənədi müxtəlif dini və mədəni ənənələrin 26 nümayəndəsinin iştirakı ilə 2025-ci il Astana Sülh Bəyannaməsinin 22-ci bəndinin icrası məqsədilə hazırlanıb.

"İqlim dəyişikliyi - dəyərlər, məsuliyyət, həmçinin insan və təbiət arasındakı münasibətlər məsələsidir", - Kojabay bildirib.

O qeyd edib ki, süni intellekt isə təhsil, təhlil və məlumata çıxış üçün istifadə edilə bilər, lakin inanc məsələlərində şəxsi dini təcrübəni və insan mühakiməsini əvəz etməməlidir.

G.Kojabayın sözlərinə görə, hər iki sənəd tövsiyə xarakteri daşıyır və hüquqi öhdəliklər yaratmır. Növbəti mərhələ onların beynəlxalq səviyyədə həyata keçirilməsi olmalıdır.