Təşkilat rəhbəri: Belçika müstəmləkəçiliyi Burundinin milli-mədəni dəyərlərini tamamilə məhv edib
- 31 oktyabr, 2025
- 10:38
 
                            
                            
                        Belçika müstəmləkəçiliyi Burundinin milli-mədəni dəyərlərini tamamilə məhv edib.
"Report" xəbər verir ki, bunu Burundinin SHINE (İnteqrasiya, Qonşuluq və Bərabərlik) təşkilatının təsisçisi və icraçı direktoru, münaqişələrin sülh yolu ilə həlli üzrə ekspert Jean-Marie Nibizi oktyabrın 31-də Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Burundidə müstəmləkəçilik zamanı hətta insanların adları belə dəyişdirilib:
"İnsanlarımız uşaqlarına icazəsiz ad belə qoya bilmirdilər. Onlar milli geyimlərimizi də məhv etdilər. Bizim "iniqali" adlandırdığımız bir anlayış var. "Iniqali nenekufi" mədəniyyətimizdə mövcud olan məsəlləri, atalar sözlərini ifadə edir. Onlar bu sistemdə "litito" adlandırdığımız ənənələri də məhv etdilər. "Litito"lar nəğmələrlə müşayiət olunan nağıllar idi. Bu nağıllar və nəğmələrlə birləşmiş hekayələr xalqın dərin həyat dərslərini nəsildən-nəslə ötürürdü. Bəli, müstəmləkə bizə bu faciələri yaşatdı".
Jean-Marie Nibizi həmçinin bildirib ki, Burundinin "Samandari" adlandırdılan ənənəsi də tamamilə məhv edilib:
"Bu, məsəllərə bənzəyən, amma bütöv bir ömrün hikmətini bir cümləyə sığdıran ifadələr toplusu idi. Bunlar həm də yumorla müşayiət olunan həyat dərsləri idi. Lakin bütün bunlar məhv edildi. Tədqiqatçılar bu mədəni irsi araşdırarkən heyrətlənirlər, çünki bu ədəbiyyatın bəzi cəhətləri Avropa sərhəd ədəbiyyatına bənzəyir, halbuki o dövrdə bu xalqlar Avropa ilə heç bir təmasda olmamışdılar. Amma biz indi, müasir dövrdə, bunları övladlarımıza danışmırıq, onların şüuruna bu dəyərləri ötürmürük. Əksinə, onlara Avropa hekayələri danışırıq".
Təşkilat rəhbəri eyni zamanda vurğulayıb ki, hazırda regionda "gecikmiş partlayış effekti" təhlükəsi var:
"Bölgədəki bəzi ittifaqlar da bu vəziyyəti daha da gərginləşdirir. Məsələn, mənim "kiçik ittifaq" adlandırdığım Ruanda, Uqanda və Keniya arasındakı əməkdaşlıq. Keniya bu günədək müəyyən silahlı qrupları himayə etməyə davam edir. Bu isə Ruanda, Konqo Demokratik Respublikası və Burundi kimi qonşu ölkələr arasında müharibə atmosferi yaradır. Xüsusilə Konqonun şərqində uzun illərdir davam edən münaqişə bu gün də həll olunmayıb və minlərlə insanın həyatına son qoyur. Prezident və hökumət bu hadisələri soyqırım kimi qiymətləndirir".
