Sudanın Baş naziri hökumətin Xartuma qayıdacağını elan edib
- 11 yanvar, 2026
- 20:11
Sudanın Baş naziri Kamil İdris hökumətin ölkənin paytaxtına qayıdacağını rəsmi şəkildə elan edib.
"Report"un "Al-Mashhad as-Sudani" xəbər portalına istinadən məlumatına görə, baş nazir bunu Xartuma çatdıqdan sonra bəyan edib.
Son vaxtlara qədər hökumət strukturları Xartumda Sudan ordusunun bölmələri ilə Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) dəstələri arasında mütəmadi silahlı toqquşmalar səbəbindən məcburi olaraq ölkənin şimal-şərqində, Qırmızı dəniz sahilində yerləşən Port-Sudanda fəaliyyət göstərirdi.
"Nazirlər Kabinetinin paytaxta qayıdışı bütün Sudan xalqı üçün yeni ümid siqnalıdır", – İdris bildirib. Onun sözlərinə görə, bu addım siyasi və iqtisadi sahələrdə yeni mərhələnin başlanğıcıdır.
Baş nazir qeyd edib ki, hökumət, ilk növbədə, əhalinin elektrik enerjisi ilə təmin olunmasına və sabit su təchizatının bərpasına diqqət yetirəcək. Bundan başqa, prioritetlər arasında məktəblərin və ali təhsil müəssisələrinin, o cümlədən Xartum Universitetinin fəaliyyətinin bərpası da var.
Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb Suveren Şuraya (müvəqqəti idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhanla ÇRQ-nin komandanı Məhəmməd Həmdan Daqalo arasında ziddiyyətlərin yaranmasıdır. Xartumda başlayan toqquşmalar ölkənin başqa bölgələrinə də yayılıb. Ekspertlərin fikrincə, münaqişə nəticəsində azı 40 min nəfər ölüb, 14 milyon insan evlərini tərk etməli olub.