Britaniya Ukrayna üçün ballistik raketlərin hazırlanacağını açıqlayıb - YENİLƏNİB
- 12 yanvar, 2026
- 00:53
Böyük Britaniya Ukrayna üçün 500 km-dən çox mənzilə malik yeni "Nightfall" ballistik raketləri hazırlayacaq.
"Report"un məlumatına görə, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, 200 kiloqramlıq döyüş başlığına malik yüksək dəqiqlikli "Nightfall" raketləri müxtəlif platformalardan buraxıla biləcək. Bir raketin istehsalının maksimal dəyəri 800 min funt sterlinq (təxminən 1,1 milyon ABŞ dolları) olacaq.
"Nightfall raketlərini müxtəlif yerüstü maşınlardan buraxmaq, ardıcıl bir neçə raketi sürətlə atmaq və bir neçə dəqiqə ərzində geri çəkilmək imkanı olacaq – bu isə Ukrayna qoşunlarına Rusiya qüvvələri cavab verməzdən əvvəl əsas hərbi hədəflərə zərbələr endirməyə şərait yaradacaq", – deyə məlumatda qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Britaniya Müdafiə Nazirliyi üç sənaye qrupunu seçəcək və onlarla 9 milyon funt (12,1 milyon ABŞ dolları) məbləğində müqavilələr bağlanacaq. Bu müqavilələr raketlərin layihələndirilməsi, hazırlanması və ilk üç raketin 12 ay ərzində təhvil verilməsi üçün nəzərdə tutulub. Bunun ardınca sınaqlar keçiriləcək. Tenderdə iştirak üçün ərizələrin təqdim edilməsi üçün son tarix 9 fevral 2026-cı ildir.
Raketlərin hazırlanması üzrə müqavilələrin mart ayında bağlanması planlaşdırılır.
Böyük Britaniya Ukraynaya hədəfləri təxminən 500 kilometr məsafədən məhv edə bilən "Nightfall" ballistik raketlərini verməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə "Daily Mail" yazıb.
Məlumata əsasən, raketlər 200 kiloqramlıq döyüş başlıqları ilə təchiz olunub və Moskvaya qədər çata bilir. Qeyd olunur ki, bundan əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi yerli şirkətlərə 9 milyon funt sterlinq dəyərində müqavilə çərçivəsində ilk üç sınaq raketinin hazırlanması, istehsalı və təhvil verilməsi ilə bağlı müraciət etmişdi.
"Nightfall" barədə məlumat, eyni zamanda, Londonun Ukraynada qoşunların yerləşdirilməsinə 200 milyon funt sterlinq xərcləyəcəyini planlaşdırdığı açıqlamalarla üst-üstə düşüb.