Növbəti illərdə sertifikasiya imtahanında hansı sualların çox olacağı açıqlanıb

Elm və təhsil
  • 11 sentyabr, 2025
  • 11:16
Növbəti illərdə sertifikasiya imtahanında hansı sualların çox olacağı açıqlanıb

Növbəti illərdə sertifikasiya imtahanında ibtidai sinif və Azərbaycan dili-ədəbiyyat fənni üzrə oxuyub anlamaya yönəlik sualların çox olması nəzərdə tutulur. 

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də media üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ən böyük problem bu sahədir:

"Əslində, dilə sevgi oxuyub anlama deməkdir. Biz öz dilimizi sevməliyik. Bəzən dərsliklərə əvvəllər olan şairlərin şeirlərinin salınmadığı iddiaları səsləndirilir. Bəzən şeir çox gözəldir, amma oxuyub anlamaq üçün yetərli deyil. Məsələn, Abbas Səhhətin şeirinin dərslikdə olmasına qarşı deyilik. Amma oxuyub anlama bacarığı mütləqdir. Şeirlə yanaşı, şagirdə oxuyub-anlamağı da öyrətmək lazımdır. Bir sözlə, baxış bucağımızı dəyişməliyik".