Nazirlik rəsmisi: Azərbaycanda yeni virusun yayılması barədə iddialar doğru deyil

Sağlamlıq
  • 24 dekabr, 2025
  • 15:16
Nazirlik rəsmisi: Azərbaycanda yeni virusun yayılması barədə iddialar doğru deyil

Azərbaycanda yeni virusun yayılması barədə iddialar doğru deyil.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, son zamanla insanlar arasında yeni virusun yayılması ilə bağlı fikirlər şayiədir:

"Havaların kəskin soyuduğu qış aylarında epidemioloji cəhətdən hava-damcı yolu ilə ötürülən qrip və digər kəskin respirator virus infeksiyalarının yayılması çoxalır. Adətən qripə yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlinsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir. Bu səbəbdən mövsümi qripə yoluxma hallarında müəyyən artımlar ola bilər".

T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağırı olan qripə qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz:

"Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnsə belə daha yüngül və fəsadsız keçirir. Ona görə də qısa müddətdə sağalaraq virusu daha az insana ötürür. Tövsiyə olunur ki, insanlar nazirliyin dəstəyi ilə ölkəyə gətirilən effektiv və təhlükəsiz olan qrip əleyhinə vaksinasiya prosesindən keçsinlər".

Qeyd edək ki, Azərbaycana gətirilən qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan "Sanofi Pasteur" şirkətinə məxsusdur. Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır və ödənişsizdir.

Son xəbərlər

Bütün Xəbər Lenti