Hüseyn Hüseynov: "Azərbaycan DİM-lərin icrasında MDB və qlobal miqyasda lider mövqeyini qoruyur"
- 16 iyun, 2026
- 13:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında MDB və qlobal miqyasda lider mövqeyini qoruyur.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar" tədbirində bildirib.
Onun sözlərinə görə, Azərbaycan DİM-in icrasında şəffaflıq, hesabatlılıq və sübutlara əsaslanan monitorinqə xüsusi önəm verir: "Bu baxımdan, ölkəmiz 2017, 2019, 2021 və 2024-cü illərdə 4 Könüllü Milli Hesabat təqdim etməklə MDB regionunda lider mövqeyini qoruyub saxlayır və qlobal miqyasda ilk 10 ölkə sırasında yer alan dövlətlərdən biridir. Hazırda gələn il Yüksək Səviyyəli Siyasi Forumda təqdim olunacaq beşinci Könüllü Milli Hesabatın hazırlanması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, ölkədə 50-dən çox dövlət proqramı, strategiya və fəaliyyət planı DİM-lərlə uyğunlaşdırılıb ki, bu da dövlət qurumları arasında daha güclü siyasət uyğunluğunun təmin edilməsinə xidmət edir. Dayanıqlı inkişafın maliyyələşdirilməsi Azərbaycanın əsas prioritetlərindən biri olaraq qalır. Bu istiqamətdə ölkə dayanıqlı maliyyə arxitekturasının gücləndirilməsi üçün bir sıra mühüm təşəbbüslər həyata keçirib".
Nazirlim rəsmisi əlavə edib ki, DİM-lərin milli planlaşdırma sisteminə inteqrasiyası və hədəflərin dövlət proqramlarına "markalanması" Azərbaycanda bu məqsədlərin icrasında mühüm rol oynayır. Eyni zamanda, İnteqrasiya Edilmiş Milli Maliyyələşdirmə Çərçivəsinin (INFF) inkişaf etdirilməsi, büdcə planlaşdırmasının inkişaf prioritetləri ilə daha sıx uzlaşdırılması və Mərkəzi Bank tərəfindən Dayanıqlı Maliyyə Yol Xəritəsinin icrası bu sahədə əsas istiqamətlərdəndir. DİM-lərin maliyyələşdirilməsi üzrə potensial boşluqların aradan qaldırılması məqsədilə Azərbaycan INFF çərçivəsində DİM İnvestor Xəritəsindən istifadə edib və daxili resurslara əsaslanan yanaşmanı gücləndirib. Eyni zamanda, dövlət xərclərinin DİM-lərlə uyğunlaşdırılması üçün müxtəlif xərc kateqoriyaları üzrə qiymətləndirmələr aparılıb".
"Dövlət-özəl tərəfdaşlıqları (PPP) ölkədə infrastrukturun müasirləşdirilməsi, sənaye inkişafı, nəqliyyat əlaqələrinin genişləndirilməsi, bərpa olunan enerji layihələrinin reallaşdırılması və ümumi iqtisadi şaxələndirmənin dəstəklənməsində getdikcə daha mühüm rol oynayır. Bu mexanizm əlavə investisiya resurslarının səfərbər olunmasına imkan yaratmaqla yanaşı, həm də səmərəliliyin, innovasiyanın və uzunmüddətli dayanıqlılığın artırılmasına töhfə verir", -deyə H.Hüseynov fikrini tamamlayıb.