Təhlükəsizlik Şurasının rəsmisi: Azərbaycanın NATO və BMT sülhməramlı missiyalarında rolu genişləndirilməlidir

Daxili siyasət
  • 02 iyul, 2026
  • 12:23
Təhlükəsizlik Şurasının rəsmisi: Azərbaycanın NATO və BMT sülhməramlı missiyalarında rolu genişləndirilməlidir

Azərbaycanın NATO və BMT sülhməramlı missiyalarında rolu genişləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri general-mayor Elman Səmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Müdafiə Nazirliyinin birgə hazırladığı "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, hər hansı bir ölkənin hərbi kontingentinin NATO və BMT çərçivəsində sülhməramlı əməliyyatlarda iştirakı elə də asan bir iş deyil:

"NATO qərargahı, həm də əməliyyat sahəsindən gələn təcrübələrin Azərbaycan Ordusunda təhlil edilməsi, sınaqlardan keçirilməsi və praktiki olaraq ən qısa müddətdə tətbiq edilməsi prosesi çox vacib mərhələdir".

Elman Səmədov bildirib ki, bu gün dünyada hibrid təhdidlər, kibertəhlükəsizlik, informasiya qarşıdurması, pilotsuz uçuş aparatlarının tətbiqi kimi amillər var:

"Hazırda müharibələrin, hərbi əməliyyatların miqyası dəyişir. Eyni zamanda, bu əməliyyatların aparılması məkanları da artır. Bu səbəbdən Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı nə kimi prioritetlər müəyyənləşdirə bilərik. NATO da bu istiqamətlər üzrə fəaliyyətini genişləndirir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın həm NATO, həm də BMT çərçivəsində verdiyi töhfənin çoxməkanlı bir ölçüsü var və onların da bundan sonra da artırılması məqsədəuyğun olardı".