Azərbaycanda WUF13-lə bağlı poçt markaları buraxılacaq
- 15 aprel, 2026
- 14:40
"Azərpoçt" MMC Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) münasibəti ilə poçt markalarının buraxılmasını planlaşdırır.
Bunu "Report"a açıqlamasında şirkətin Marka şöbəsinin müdiri Sitarə Hüseynova bildirib.
"Biz hər ilin sonunda növbəti il hansı mövzuda markalar buraxılacağını planlaşdırırıq və tematik plan hazırlayırıq. Plana əsasən il ərzində Azərbaycanın təbiəti, tarixi, memarlığı, ölkədə və dünyada keçirilən böyük idman tədbirləri, məsələn, olimpiadalar, eləcə də mühüm tarixi hadisələri əks etdirən markalar buraxılır. Bundan əlavə, bilirsiniz ki, hər illə bağlı dövlət başçısı sərəncamlar verir. məsələn, Azərbaycanda bu il Memarlıq və Şəhərsalma ilidir. Bu aktual mövzu əsasında biz bir neçə marka silsiləsi buraxacağıq ki, bunlardan biri də WUF13-lə bağlı olacaq. Həmin marka mayda tədavülə təqdim ediləcək", - deyə o qeyd edib.