Ankarada Əhməd Cavadın xatirəsi anılıb

Digər
  • 13 oktyabr, 2025
  • 18:44
Ankarada Əhməd Cavadın xatirəsi anılıb

Ankarada Hacı Bayram Vəli Universitetinin 100 illik yubileyi Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış ədəbiyyat xadimi, görkəmli şair, pedaqoq və ictimai xadim Əhməd Cavadın anım mərasimi keçirilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, tədbir, sovet hakimiyyəti tərəfindən "əksinqilabi fəaliyyət" və "pantürkizm" ittihamı ilə edam edilmiş şairin vəfatının 88-ci ildönümünə təsadüf edib.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Əhməd Cavad İnstitutu və Azərbaycanın Ankaradakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qardaş ölkələrdən diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin deputatları, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbir iştirakçıları qarşısında çıxış edərək Ə.Cavadın yaradıcılığını "türk dünyasının birləşmə amili" adlandırıb:

"Görkəmli şair öz ölkəsinin əsl vətənpərvəri idi, təkcə Azərbaycan xalqına deyil, türk xalqına da dərin rəğbət bəsləyir, qardaş ölkəsinə hər cür dəstəyi verməyə çalışırdı".

Diplomat şairin həyat yoldaşı Şükriyyə xanımın da Stalin repressiyalarının qurbanı olduğunu xatırladıb.

"O, Qazaxıstanın ən soyuq bölgələrindən birinə sürgün edilib və orada səkkiz il yaşayıb", - deyən R.Məmmədov bütün təqiblərə və təzyiqlərə baxmayaraq Əhməd Cavadın arzularının reallaşdığını vurğulayıb. "Bu gün Azərbaycan müstəqildir və türk dünyasında inteqrasiya prosesləri geniş vüsət alır. Əhməd Cavadın ideologiyası yaşayır və sağlamdır və onun fəaliyyəti yeni nəsil vətəndaşların yolunu işıqlandırmaqda davam edir", - səfir vurğulayıb.

Əhməd Cavad İnstitutunun rəhbəri, MHP liderinin baş müşaviri, türkoloq, professor Ruhi Ərsoy da öz növbəsində şairin özünəməxsus yazı üslubu ilə seçilən türk dünyasının ədəbi-bədii fikir ustadlarından biri olduğunu qeyd edib.

"Ömrü boyu istiqlal ideallarına sadiq qalan ustadın yaradıcılığı vətənpərvərlik hissi ilə aşılanır", - deyən o, Əhməd Cavad yaradıcılığının indi də müstəqillik və azadlıq sevgisi aşılamaqda davam etdiyini vurğulayıb.

Mərasimdə Hacı Bayram Universitetinin rektoru Vəli Naci Bostancı və digər iştirakçılar da Əhməd Cavad irsinin əhəmiyyətindən danışıblar.

Toplantıda Azərbaycanın dövlət himninin sözləri müəllifinin xatirəsinə həsr olunmuş "TRT Avaz" televiziya kanalının istehsalı olan sənədli film təqdim olunub.

Tədbirdə Stalin repressiyalarının qurbanı olmuş türk ziyalılarının nümayəndələrinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti