Ukrayna və Norveç müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb - YENİLƏNİB

Digər ölkələr
  • 14 aprel, 2026
  • 23:07
Ukrayna və Norveç müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar Störe müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

"Ukrayna Norveçin xarici siyasətinin əsas prioriteti olaraq qalır və bu gün biz müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzaladıq", – Störe Osloda Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Norveç Ukraynanın suverenlik uğrunda mübarizəsini və onun özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir:

"Lakin bu, birtərəfli əlaqə deyil, qarşılıqlı əməkdaşlıqdır. Biz Norveç və Ukrayna arasında strateji tərəfdaşlıq üzərində işləməyə razılaşdıq, çünki Ukrayna bunun müqabilində çox şey verir".

Sənədə əsasən, Ukrayna və Norveç yeni texnologiyaların inkişaf etdirilməsi və istehsal həcmlərinin artırılması məqsədilə iki ölkənin müdafiə sənayesi arasında daha sıx əməkdaşlığı təşviqi üçün tədbirlər görəcəklər. Bundan əlavə, Ukrayna pilotsuz uçuş aparatlarının istehsalı artıq Norveçdə mümkün olacaq. Oslo həmçinin Ukraynada dron istehsalına dəstək verməyi, Kiyev isə öz növbəsində təcrübəsini, məlumatlarını və digər informasiyaları Norveçlə bölüşməyi öhdəsinə götürür.

Ukrayna və Norveç təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş ikitərəfli sənəd imzalayacaq.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat yayıb.

"Osloya gəldim. Vacib görüşlər olacaq və təhlükəsizliyimizi gücləndirməyə kömək edəcək ikitərəfli sənəd imzalanacaq. Qarşıda Baş nazir Yonas Qar Störe ilə danışıqlar, Norveçin vəliəhd şahzadəsi Hokon və norveçli parlamentarilərlə görüşlər var", - o yazıb.

Zelenski vurğulayıb ki, Kiyev tərəfdaşları ilə vətəndaşların həyatının qorunmasına və davamlı sülhə nail olunmasına yönəlmiş fəal diplomatik işi davam etdirir.

44 - Tezliklə