Zelenski: Ukrayna "Drujba" neft kəmərinin təmirini yazda başa çatdıra bilər
- 10 aprel, 2026
- 13:15
Ukrayna "Drujba" neft kəmərinin təmirini bu yaz başa çatdıra bilır.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşdə bəyan edib.
Prezident bildirib ki, neft tədarükü müqabilində Avropa tərəfindən maliyyə vəsaitinin ayrılması barədə razılaşma əldə olunarsa bu işləri yekunlaşdırmaq mümkündür.
"Əgər neft tədarükünün mümkünlüyü müqabilində Avropa tərəfindən maliyyələşdirmə məsələsi gündəmə gələrsə, biz "Drujba" neft kəmərini nə vaxt təmir edəcəyimizi bildirmişik. Tədarükə görə məsuliyyət isə avropalıların üzərinə düşəcək. Biz təmir edəcəyik, çünki razılaşma belədir. Mən onlara dedim ki, bu yaz təmiri başa çatdıracağıq", – Zelenski bildirib.
Onun sözlərinə görə, neft kəmərində çox iş görülüb, lakin dağıdılmış çənləri tez bir zamanda təmir etmək mümkün deyil.
Qeyd edək ki, "Drujba" kəməri ilə Slovakiya və Macarıstana neft tranziti 2026-cı il yanvarın 27-də Rusiyanın pilotsuz uçuş aparatının zərbəsindən sonra Ukraynanın qərbindəki avadanlığın zədələnməsi səbəbindən dayandırılıb. Slovakiya və Macarıstan dəfələrlə Ukraynadan bu boru kəməri ilə neft tranzitinin bərpasını tələb edib.