Zelenski Ukraynanın Aİ və ABŞ-dən istədiyi zəmanətləri açıqlayıb - YENİLƏNİB
- 23 dekabr, 2025
- 00:11
Ukrayna Prezidenti Volodimir Zelenski sülh və təhlükəsizlik zəmanətləri ilə bağlı gələcək müqavilənin müddəalarını açıqlayıb.
"Report"un məlumatına görə, o, bu barədə teleqram kanalında yazıb.
"Mənim fikrimcə, ilkin layihələr üçün edə biləcəyimiz hər şey artıq hazırdır. İlkin işlər demək olar, 90 % tamamlanıb", - Zelenski bildirib.
Prezident Ukraynanın Avropa və ABŞ-dən almağı gözlədiyi təhlükəsizlik zəmanətlərinin siyahısını açıqlayıb: Ukrayna Silahlı Qüvvələri 800 000 nəfərlik heyətdən ibarət olacaq. Ölkə tərəfdaşlarından belə ordunu dəstəkləmək üçün maliyyələşdirmə gözləyir; Ukrayna Avropa İttifaqının üzvü olacaq; 30 ölkənin "istəklilər koalisiyası" Ukraynanın səmada, quruda və dənizdə təhlükəsizliyini, eləcə də enerji, maliyyə, yardım və sığınacaq sahələrində təhlükəsizliyini təmin edəcək; ABŞ təhlükəsizlik zəmanətləri (bunlar hüquqi cəhətdən məcburi olacaq və ABŞ Konqresi tərəfindən dəstəklənəcək), eləcə də "çəkindirmə paketi" - Ukrayna Silahlı Qüvvələri üçün silahlar təqdim edəcək.
Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti bu yaxınlarda ABŞ-də Donald Tramp administrasiyasının üzvləri ilə danışıqlar aparıb və indi Kiyevə qayıdır.
"Amerikalılar hazırda Rusiya nümayəndələri ilə danışıqlar aparırlar. Onlar danışacaqlar və sonra biz onlardan rəy alacağıq. Onlar bütün məlumatları bizdən alıblar", - o əlavə edib.
Ukrayna Avropa və ABŞ ilə birgə sülh üçün zəruri olan əsas sənəd blokunu hazırlayıb.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski diplomatlarla görüşdə bəyan edib.
"Hazırda danışıqlar qrupumuz Mayamidən qayıdır. Onlar gecə gələcəklər, səhər isə detallar açıqlanacaq. Mənim fikrimcə, ilkin layihələr üçün mümkün olan hər şey artıq edilib. Planın 20 bəndi var. Ola bilsin ki, hamısı ideal deyil, amma bu plan mövcuddur", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna, Avropa və ABŞ arasında təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədi, həmçinin ABŞ tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı ayrıca ikitərəfli sənəd hazırlanıb və bu sənədə əlavələr Konqresdə qapalı şəkildə müzakirə olunmalıdır.
Bundan əlavə, Ukraynanın bərpası, o cümlədən iqtisadi strategiya ilə bağlı müqavilənin ilk layihəsi hazırlanıb. Zelenski qeyd edib ki, hər iki tərəf üçün mübahisəli məsələlər var və onların üzərində işləmək lazımdır.