Yunanıstanda 31 nəfər "Qərbi Nil" qızdırmasından ölüb
- 29 sentyabr, 2018
- 07:44
Bakı. 29 sentyabr. REPORT.AZ/ Yunanıstanda 31 nəfər "Qərbi Nil" qızdırmasından ölüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Xəstəliklərə nəzarət və profilaktika üzrə Milli Mərkəzin (KEELPNO) sentyabrın 27-nə olan məlumatıdır.
Sentyabrın 20-dən bəri həftə ərzində 37 nəfər xəstələnib, nəticədə 4 nəfər ölüb. Ümumilikdə isə 271 nəfər bu virusa yoluxub.
Qeyd edək ki, "Qərbi Nil" qızdırması virusu Yunanıstanda ilk dəfə 2010-ci ildə aşkar edilib. 2010-2014-ci illərdə ölkədə, təxminən, 80 nəfər bu xəstəlikdən dünyasını dəyişib. 2015-2016-ci illərdə xəstəlik qeydə alınmayıb. 2017-ci ildə 48 xəstələnmə və 5 ölüm halı barədə məlumat verilib. Yunanıstandan başqa, "Qərbi Nil" qızdırması Avropanın daha 8 ölkəsində aşkarlanıb. Qızdırma ağcaqanadlar vasitəsilə keçir. Bu il xəstəliyin yayılması yayın əvvəlində yüksək temperatur və yağıntılarla əlaqədardır. Xəstəlik bir çox bələdiyyələrdə, o cümlədən Attika və Mərkəzi Makedoniyada özünü büruzə verir.