Yonhap: Ağ Ev Trampın Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib
- 01 oktyabr, 2025
- 07:35

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inla ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır.
"Report" xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxs xatırladıb ki, ilk səlahiyyət müddətində Tramp Şimali Koreya lideri ilə üç dəfə görüşüb və bu, Koreya yarımadasında vəziyyəti sabitləşdirməyə kömək edib. Agentliyin mənbəsinin sözlərinə görə, o vaxtdan bəri ABŞ-nin Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib.
Bundan əvvəl Cənubi Koreya rəsmisi Cənubi Koreyanın Kyoncu şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı Donald Tramp və Kim Çen Inın görüşünün mümkünlüyünü istisna etməyib.
Sammit oktyabrın 31-dən noyabrın 1-dək Koreyanın cənub-şərqində keçiriləcək. Cənubi Koreya mediası Trampın 2019-cu ildə olduğu kimi Koreya Respublikası və KXDR sərhədində Kim Çen Inla yenidən görüşə biləcəyini irəli sürüb.