Vyetnamda qəfil daşqın baş verib: 4 nəfər ölüb, daha 4 nəfər itkin düşüb
- 18 iyul, 2026
- 10:05
Vyetnamın şimalındakı Layçau əyalətində baş verən qəfil daşqın nəticəsində azı 4 nəfər ölüb, daha 4 nəfər isə itkin düşmüş hesab olunur.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Vyetnam İnformasiya Agentliyinin məlumatına görə, daşqın bir neçə gün davam edən güclü yağışlardan sonra iyulun 17-si səhər tezdən Muonq Tqan kəndində baş verib. Fəlakət nəticəsində 7 nəfər yaralanıb.
Leysan yolları, elektrik xətlərini və yüzlərlə yaşayış evini zədələyən, eləcə də təxminən 238 hektar kənd təsərrüfatı sahəsini su altında qoyan torpaq sürüşmələrinə və qəfil daşqınlara səbəb olub.
Təbii fəlakətlərin idarə olunması üzrə dövlət agentliyinin proqnozlarına görə, iyulun 18-i Şimali Vyetnamın bir sıra rayonlarında 250 mm-ə qədər yağıntı ilə müşayiət olunan yeni güclü yağışların yağacağı gözlənilir, bu da təkrar daşqın və torpaq sürüşmələri riskini artırır.
Ölkə hökumətinin məlumatına görə, ötən il Vyetnamda təbii fəlakətlər, əsasən də daşqınlar səbəbindən 489 nəfər ölüb.