Venesuela Amerikanın iki energetika şirkəti ilə memorandumlar imzalayıb
- 01 may, 2026
- 08:43
Venesuela Amerikanın "Overseas Oil Company" və "Crossover Energy Holding" şirkətləri ilə anlaşma memorandumu imzalayıb.
"Report"un məlumatına görə, imzalanma mərasimi Miraflores sarayında prezident səlahiyyətlərini icra edən Delsi Rodriqesin iştirakı ilə baş tutub.
"ABŞ və Venesuelanın maraqları üst-üstə düşür və biz bir-birini tamamlayaraq Amerika və Venesuela xalqlarının ümumi rifahına töhfə verə bilərik", - Rodriqes "Venezolana de Television" telekanalının efirində bildirib.
O, həmçinin Ağ Evin energetika sahəsində Milli Şurasının icraçı direktoru Carrod Eyqenin rəhbərlik etdiyi amerikalı sahibkarlar nümayəndə heyətini salamlayıb və onlardan ABŞ Prezidenti Donald Trampa Karakasın Vaşinqtonla uzunmüddətli münasibətlər qurmağa hazırlığı barədə məlumat vermələrini xahiş edib.
Qeyd olunur ki, Venesuela hökumətinin nümayəndələri, dövlətə məxsus neft və qaz şirkəti PDVSA və Amerika nümayəndə heyəti arasında keçirilən görüşün əsas məqsədi enerji, mədənçilik və ticarət sahələrində əməkdaşlığı inkişaf etdirmək olub.