Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 08 noyabr, 2025
- 07:51
Azərbaycanın ABŞ-dəki səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə diplomatik korpus təmsilçiləri, hərbi attaşelər, ABŞ-dəki Azərbaycan icmasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim deyib ki, 8 noyabr Azərbaycan üçün ədalətin zəfər çaldığı gündür.
"Qələbə qazandıqdan sonra çox az sayda ölkə dərhal sülh əlini uzadır, lakin biz bunu etdik. Çünki biz inanırıq ki, qələbə yalnız meydanda deyil, diplomatiyada da qazanılmalıdır. Bu həmçinin xalqlarımız üçün vacibdir. İndi sülh vaxtıdır. Düşünürəm ki, avqust ayında Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda olması çox diqqətəlayiq idi. Prezident Donald Tramp Cənubi Qafqazda sülh və rifahı növbəti mərhələyə çatdırmaqda bizə kömək etdi. Biz bu yolu davam etdirəcəyik. Biz həmişə güclü qalacağıq ki, bir daha heç kim bizə zərər vermək, torpaqlarımızı ələ keçirmək barədə düşünməsin. Eyni zamanda, sülhün təkcə Cənubi Qafqazda deyil, daha geniş bölgədə insanlar arasında əlaqələrin, bizneslərin birgə işləməsinə imkan verməsi üçün əlimizdən gələni edəcəyik",- deyə səfir qeyd edib.
Daha sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Ardınca çıxış edən ABŞ-dəki hərbi attaşesi vəzifəsini müvəqqəti icra edən 3-cü dərəcəli kapitan Kamran Tahirbəyli vətənin suverenliyi üçün canlarını fəda edən əsgərlərimiz barədə danışaraq hər şeydən əvvəl 8 noyabrın bizə əsl gücün müharibədə deyil, sülhdə olduğunu xatırlatdığını bildirib.
Sonda kamança ustası Toğrul Orucov və pianoçu Faiq Abdullayevin ifasında Azərbaycan musiqi nümunələri səsləndirilib.