Ursula fon der Lyayen: Aİ kritik infrastruktura hücumlara qətiyyətlə cavab verəcək
- 23 sentyabr, 2025
- 19:51

Avropa İttifaqının (Aİ) kritik infrastrukturu ciddi təhlükə altındadır, Avropa buna möhkəm və qətiyyətlə cavab verməyə hazırdır.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" hesabında yazıb.
"İndicə Danimarkanın Baş naziri Mette Frederiksenlə Kopenhagen hava limanı yaxınlığında dronlarla bağlı insidenti müzakirə etdim", – o yazıb.
Sədrin sözlərinə görə, söhbət təkcə hava limanlarından deyil, həm də enerji, telekommunikasiya və digər strateji obyektlərdən gedir:
"Faktlar hələ müəyyənləşdirilsə də, bunun sərhədlərdə sistematik "yoxlama" modeli olduğu aydındır. Aİ perimetri boyunca buna bənzər insidentlərin qeydə alınma tezliyi artır".
"Yaxın vaxtlarda xüsusilə vacib obyektlər üzərindəki hava məkanının qorunması üçün əlavə tədbirlər hazırlanacaq və dronların qanunsuz istifadəsinə nəzarət gücləndiriləcək", - o vurğulayıb.