Ukraynanın baş naziri gələn həftə Vaşinqtona səfər edəcək
- 17 aprel, 2022
- 15:20
Ukraynanın baş naziri Denis Şmıqal gələn həftə ABŞ paytaxtına səfər edəcək.
"Report" xəbər verir ki, bunu Baş nazir ABC televiziyasına müsahibəsində deyib.
Səfərdə məqsəd Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etməkdir.
"Bizim maliyyə qrupumuz gələn həftə Vaşinqtonda Dünya Bankının, BVF-nin, ABŞ Xəzinədarlığının bütün mütəxəssisləri və rəhbərləri ilə işləyəcək. Ölkəmizə maliyyə dəstəyi ilə bağlı danışıqlar aparacağıq", - Şmıqal qeyd edib.
O vurğulayıb ki, Ukraynanın humanitar və sosial öhdəliklərini yerinə yetirməsi üçün daha çox pul lazımdır.
"İndi iqtisadiyyatımızın yalnız yarısı işləyir, ona görə də biz maliyyə dəstəyi istəyirik", - Nazirlər Kabinetinin rəhbəri əlavə edib.
Onun sözlərinə görə, ölkənin büdcə kəsiri müharibə dövründə hər ay üçün təxminən 5 milyard dollar təşkil edir.