Ukrayna və Almaniya arasında dəyəri 1,2 milyard avrodan artıq olan razılaşma imzalanıb
- 17 dekabr, 2025
- 19:30
Ukraynanın müdafiə naziri Denis Şmıqal Almaniya ilə ölkənin müdafiə imkanlarını artırmağa yönəlmiş ümumi dəyəri 1,2 milyard avrodan çox olan bir sıra yeni razılaşmaların imzalandığını açıqlayıb.
"Report" xəbər verir ki, o, bu barədə öz teleqram kanalında bildirib.
Şmıqalın sözlərinə görə, razılaşmalar bir neçə əsas istiqaməti əhatə edir. Xüsusilə, "Patriot" sistemləri üçün ehtiyat hissələrinin uzunmüddətli tədarükü nəzərdə tutulur ki, bu da mövcud komplekslərin daha sürətli təmiri, modernləşdirilməsi və bərpasına imkan verəcək.
Bundan əlavə, 200 milyon avro məbləğində Ukrayna istehsalı pilotsuz uçuş aparatlarının alınması və 200 ədəd "Boqdan" özüyeriyən artilleriya qurğusunun yeni Zetros şassisi üzərində istehsalı üzrə ümumi dəyəri 750 milyon avro olan layihə razılaşdırılıb.
Şmıqal həmçinin Ukraynanın "Linza" PUA-larının "Frontline Robotics" və Almaniyanın "Quantum Systems" şirkətləri ilə birgə istehsalının həyata keçiriləcəyini vurğulayıb. Bu əməkdaşlıq "Build with Ukraine" proqramı çərçivəsində taktiki kəşfiyyat imkanlarının genişləndirilməsini təmin edəcək. Əlavə olaraq, müasir radioelektron mübarizə vasitələrinin fasiləsiz tədarükü üçün müqavilələr imzalanıb.
Nazir qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya Kansleri Fridrix Merts arasında əldə olunan razılaşmalar nəticəsində Berlin gələn il Kiyevin dəstəklənməsi üçün 11,5 milyard avro ayırmağı öhdəsinə götürüb.