Ukrayna Rusiya ilə ilk danışıqlardan ciddi nəticə gözləmir

Digər ölkələr
  • 09 noyabr, 2026
  • 23:39
Ukrayna Rusiya ilə ilk danışıqlardan ciddi nəticə gözləmir

Ukrayna ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliklərində Rusiya ilə keçiriləcək danışıqların ilk raundunda ciddi irəliləyiş gözləmir, lakin növbəti görüşlərdən daha konkret nəticələrə ümid edir.

"Report" xəbər verir ki, bunu Ukrayna Ali Radasında "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya "Deutsche Welle"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, uzun fasilədən sonra danışıqlar prosesinin bərpasının özü artıq nailiyyət hesab edilə bilər.

"İlk danışıqlardan gözləntilərimiz minimaldır. Bununla belə, ikinci raunddan artıq müəyyən nəticələr gözləyirik", – Araxamiya qeyd edib.

O, həmçinin Vaşinqtonun münaqişə tərəflərindən hər hansı birini dəstəklədiyinə dair əlamətlər görmədiyini bildirib və ABŞ-ın mümkün qədər balanslı mövqe tutmağa çalışdığını vurğulayıb.

Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə danışıqların noyabrın 10-da Əbu-Dabidə keçirilməsi planlaşdırılır. İlk mərhələdə tərəflərin müharibədən sonrakı təhlükəsizlik məsələlərini və münaqişənin nizamlanması mexanizmlərini müzakirə edəcəyi gözlənilir.

Kiyev ayrıca humanitar məsələlərə, xüsusilə hərbi əsirlərin mübadiləsinin intensivləşdirilməsinə diqqət yetirməyi planlaşdırır. Bu barədə daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov məlumat verib.

44 filmi