Zelenski: Ukrayna hərbçiləri Stavropolda üç tankerə və neft anbarlarına zərbə endirib – YENİLƏNİB
- 19 iyul, 2026
- 17:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Rusiyanın Stavropol diyarında üç neft anbarını və bu ölkənin kölgə donanmasına məxsus üç gəmini vurub.
"Report"un UNIAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Rusiyanın zərbələrinə ədalətli və dəqiq cavab verməyə davam edirik. Bu gün Ukraynanın uzaqmənzilli zərbələri Rusiya təcavüzünü dəstəkləyən və maliyyələşdirən müəyyən hədəflərə endirilib", - o deyib.
Zelenski ideri qeyd edib ki, Ukrayna sərhədindən təxminən 600 km məsafədə yerləşən Stavropol diyarında üç neft anbarına edilən zərbələr hər üç obyektdə genişmiqyaslı yanğınlara səbəb olub. Yanacaq və sürtkü yağları saxlama çənlərində partlayışlar və yanğınlar da qeydə alınıb.
Zelenskinin sözlərinə görə, Qara dənizdə Rusiyanın kölgə donanmasına məxsus üç tanker vurulub. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, onların arasında G7 və Aİ tərəfindən tətbiq edilən neft embarqosu zamanı Rusiya xam neftinin daşınması üçün istifadə edilən "Avero" da var idi.
Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın bir sıra mühüm hərbi və hərbi-iqtisadi obyektlərinə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Hərbçilərin məlumatına görə, Qara dəniz akvatoriyasında iki Rusiya tankeri, eləcə də Azov dənizində kran vurulub.
"Tankerlərdən Rusiya Federasiyası silahlı qüvvələrinin maraqları naminə neft məhsulları və yanacağının daşınması üçün istifadə olunurdu. Üzən kran liman işlərini, yüklərin yüklənməsi və boşaldılmasını təmin edir, həmçinin düşmən ordusunun dəniz logistikasının fəaliyyətini dəstəkləyirdi", - bəyanatdan aydın olur.
Bundan başqa, Ukrayna hərbçiləri Zaporojye vilayətinin Zelenopolye yaxınlığında "Buk" zenit-raket kompleksini hədəf alıblar. Həmçinin Donetsk vilayətinin Novoekonomiçeskoye rayonundakı avtomobil körpüsünə də zərbə endirilib. Məlumata görə, Rusiya ordusu körpüdən hərbi logistikanın təmin edilməsi üçün istifadə edirdi.
"Ukraynanın Müdafiə Qüvvələri Rusiya Federasiyasının silahlı təcavüzünün dayandırılmasına yönəlmiş tədbirləri bundan sonra da sistemli şəkildə həyata keçirəcək", - Baş Qərargahdan vurğulanıb.