Ukrayna dron əleyhinə vasitələrin istehsalına başlayacaq

Digər ölkələr
  • 09 yanvar, 2026
  • 17:22
Ukrayna dron əleyhinə vasitələrin istehsalına başlayacaq

Ukrayna fevraldan etibarən ayda 1000 "Octopus" dron əleyhinə vasitələrin istehsalına başlayacaq.

"Report" xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Denis Şmıqal öz teleqram kanalında bildirib.

Onun sözlərinə görə, razılaşma Böyük Britaniyanın müdafiə naziri Con Hilinin Kiyevə səfəri zamanı təsdiqlənib, orada tərəflər Ukrayna və Böyük Britaniya arasında müdafiə sahəsində yüzillik tərəfdaşlığın inkişafı üzrə yol xəritəsini imzalayıblar. Sənəd 2026-cı il üçün ikitərəfli müdafiə əməkdaşlığının istiqamətlərini və təhlükəsizlik sahəsində bir sıra genişmiqyaslı layihələrin həyata keçirilməsini nəzərdə tutur.

"Böyük Britaniya artıq Rusiya terroruna qarşı müdafiəmizi gücləndirmək üçün əhəmiyyətli töhfə verib. Fevraldan etibarən ayda 1000 ədəd "Octopus" dron əleyhinə vasitələrin istehsalına başlayırıq", - deyə o yazıb.

Görüş zamanı həmçinin hava hücumundan müdafiə və uzaqmənzilli silahlar sahəsində birgə strateji sənaye layihələrinin başladılması imkanları, Böyük Britaniya şirkətlərinin texnologiyalarından istifadə edərək "Gripen" qırıcılarının istehsalının lokallaşdırılması perspektivləri, Ukraynanın dəniz məkanının müdafiəsinin gücləndirilməsi, və fevral ayında "Ramştayn" formatında keçiriləcək iclasa hazırlıq müzakirə olunub.

Ukraynanın müdafiə naziri Böyük Britaniyaya dəstəyinə görə təşəkkür edib və ikitərəfli müdafiə əməkdaşlığının inkişafında Con Hilinin şəxsi rolunu qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti