Uitkoff: Trampın Qəzza planının reallaşması Rusiya-Ukrayna münaqişəsinə təsir edə bilər
- 30 sentyabr, 2025
- 03:36

ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinə son qoyulması planının həyata keçirilməsi Yaxın Şərqin digər regionlarında sülhün bərqərar olmasına kömək edə, həmçinin Rusiya-Ukrayna müharibəsinin sona çatmasına töhfə verə bilər.
"Report"un xəbərinə görə, bu barədə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib.
"Prezident Tramp tam sülh istəyir. Bu, təkcə Qəzzaya aid deyil, həm də onun Yaxın Şərqin bütün digər hissələrinə necə yayıla biləcəyinə də aiddir, hətta Rusiya və Ukraynaya qədər uzana bilər", - o, ABŞ hökumətinin Fələstin anklavında münaqişənin həlli ilə bağlı təklif etdiyi planı şərh edərkən deyib.
Uitkoff əlavə edib ki, Trampın təşəbbüsü həm Fars körfəzi, həm də Avropa ölkələri tərəfindən dəstəklənir.
Daha əvvəl Ağ Ev ABŞ Prezidenti Donald Trampın iştirakı ilə hazırlanmış və Qəzzada münaqişəyə son qoymağa yönəlmiş 20 bənddən ibarət hərtərəfli planı açıqlayıb.
"Al Jazeera" telekanalı adı açıqlanmayan diplomatik mənbəyə istinadən xəbər verib ki, Qətər və Misir Trampın sülh planını HƏMAS-ın danışıqlar qrupuna təqdim edib.