Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib
- 13 noyabr, 2026
- 04:31
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun bir sıra Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt hərbi tədbirlər görməkdən çəkindiyini bildirib.
"Report" xəbər verir ki, Amerika lideri bunu jurnalist Stiven A. Smitlə söhbətində deyib.
ABŞ-ın İranla münaqişəni niyə hələ də başa çatdırmadığı barədə suala cavab verən Tramp bunu dərhal edə biləcəyini, lakin regional müttəfiqlərinin mövqeyini nəzərə alaraq daha təmkinli davranmağa üstünlük verdiyini bildirib.
"Mən bunu dərhal başa çatdıra bilərdim. Müdafiə etməyə çalışdığım ölkələrin xahişi ilə bir qədər daha uzun və daha sivil yol seçdik. Səudiyyə Ərəbistanı məndən xahiş etdi: "Zəhmət olmasa, bir müddət vəziyyəti olduğu kimi saxlayın", – Tramp deyib.
ABŞ Prezidenti Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin də ona analoji müraciətlər ünvanladığını bildirib.
Tramp vurğulayıb ki, bu müraciətlər olmasaydı, Vaşinqton İrana qarşı daha genişmiqyaslı addımlar atardı.
"Biz artıq çox irəli getmişik. Onlara zərbələr endirmişik, lakin əsasən körpülərə toxunmamışıq. Onlar çox pis davrandıqları üçün bir böyük körpünü dağıtmışıq, lakin elektrik enerjisi sistemlərini və istehsal güclərini qoruyub saxlamışıq. Ümumiyyətlə, onların enerji sektoruna zərbə endirməmişik", – Amerika lideri bildirib.