Takaiçi Yaponiyanın keçmiş baş nazirini özünə müavin təyin edib
- 07 oktyabr, 2025
- 07:44

Yaponiyanın növbəti baş naziri olacağı gözlənilən Sanae Takaiçi çərşənbə axşamı hakim Liberal Demokrat Partiyasının (LDP) sədrinin müavini vəzifəsinə keçmiş baş nazir (2008-2009) və partiyanın nüfuzlu siması Taro Asonu təyin edib.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, Takaiçi həmçinin partiya işlərində böyük təsir gücünə malik olan baş katib vəzifəsinə keçmiş maliyyə naziri Şuniçi Suzukini seçib.
Bu təyinatlar çərşənbə axşamı açıqlanan əsas partiya vəzifəlilərinin siyahısında yer alıb.
Qeyd edək ki, Takaiçi ötən şənbə günü LDP-nin liderlik mübarizəsində qalib gəlib. Onun bu ayın sonlarında parlamentdə keçiriləcək səsvermədə Yaponiyanın ilk qadın baş naziri olacağı gözlənilir.
Takaiçinin fiskal və monetar siyasətdə yumşaq yanaşması ilə tanınması bazarlarda onun böyük fiskal stimullaşdırma tədbirləri həyata keçirəcəyi və Mərkəzi Banka təzyiq göstərəcəyi gözləntilərini artırıb.
Bu gözləntilər fonunda Yaponiyada səhmlərin qiyməti artıb, yen isə zəifləyib.