Somali ABŞ-yə hərbi bazalara giriş imkanı verməyi planlaşdırır
- 23 fevral, 2026
- 17:59
Somali ABŞ-yə onun liman və hava limanlarından hərbi məqsədlər üçün istifadə etmək imkanı verən sazişi yeniləməyi təklif edib.
"Report" "Əl-Ərəbiyyə"ə istinadən xəbər verir ki, bu barədə Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əli Məhəmməd Ömər bildirib.
"Somali və ABŞ arasında əməkdaşlığa dair uzunmüddətli çərçivə proqramı, o cümlədən ABŞ-nin liman və hava limanlarına giriş əldə etməsi haqqında 1980-ci il tarixli saziş mövcuddur. Federal hökumət bu yaxınlarda bu sazişi yeniləməyi təklif edib", - o qeyd edib.
Ömər bu bəyanatı Somaliləndin yerli hakimiyyət nümayəndəsinin regionun ABŞ-yə öz faydalı qazıntılarına və hərbi bazalarına giriş imkanı verməyə hazır olduğunu bəyan etməsindən bir gün sonra verib.
"Somalinin mövqeyi sadədir: Somali ərazisi, limanları, hava məkanı və ya strateji təbii sərvətlərlə bağlı bütün sazişlər Somali Federativ Respublikasının konstitusion institutları çərçivəsində bağlanmalıdır", - o deyib.