Serbiya Monteneqronu hibrid hücumlarda ittiham edib

Digər ölkələr
  • 15 iyun, 2026
  • 16:12
Serbiya Monteneqronu hibrid hücumlarda ittiham edib

Monteneqro daxilində bəzi dairələr Serbiyanın siyasi həyatına qarşı hibrid xarakterli hücumla məşğuldur.

"Report"un Balkan bürosu xəbər verir ki, bu, Serbiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edək ki, iki gündür, Serbiya və Monteneqro rəsmi dairələri arasında "hibrid müharibə" iddiaları ətrafında bəyanatlar səsləndirilir.

Serbiya Prezidenti Aleksandar Vuçiç dünən "Prva TV"yə açıqlamasında bildirib ki, Serbiya ilə Montenegro arasındakı münasibətlər "rəngli inqilab" zamanı daha da pisləşib.

"Serbiyada "rəngli inqilabın" həyata keçirilməsində Monteneqro mediası mühüm rol oynayıb və bu media Serbiyada davamlı hibrid müharibə aparır. Biz onların məsələlərinə qarışmamışıq. Onların bizim siyasəti necə aparacağımızı müəyyən etməyə haqqı yoxdur, onların vəzifəsi beynəlxalq hüquqa əməl etməkdir", - deyə dövlət başçısı vurğulayıb.

Daha sonra Monteneqro Xarici İşlər Nazirliyi Serbiya tərəfinin "hibrid müharibə" barədə iddialarını rədd edərək rəsmi Belqradla yaxşı münasibətlərə sadiqliyini bildirib.

"Monteneqronun strateji məqsədinə - Avropa İttifaqına üzvlüyə daha da yaxınlaşdığı və ölkəmizin seçki dövrlərinə daxil olduğu bir vaxtda qonşu ölkədən gələn bu bəyanatların sayı artır. Bu, bəzi siyasi strukturların suveren, beynəlxalq səviyyədə tanınmış və bərabər dövlətlərin əhatəsində olduqlarını qəbul etmək istəmədiyini göstərir",-deyə bəyanatda vurğulanıb.

Serbiya XİN isə bugünkü bəyanatında Monteneqro XİN-nin bəyanatını "nəzərə aldığını" bildirib və bunu "Monteneqro daxilində bəzi dairələrin Serbiyanın siyasi həyatına qarşı hibrid xarakterli fəaliyyətinin təsdiqi" kimi qiymətləndirib.