Serbiya enerji təhlükəsizliyini gücləndirmək üçün yeni layihələr həyata keçirir

Digər ölkələr
  • 10 sentyabr, 2026
  • 19:32
Serbiya enerji təhlükəsizliyini gücləndirmək üçün yeni layihələr həyata keçirir

Serbiya enerji təchizatı marşrutlarını şaxələndirməklə son illərdə enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç Handanoviç "BELTALKS: Belqrad İqtisadi Dialoqları" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkə son dörd il ərzində enerji sektorunda bir sıra mühüm layihələr həyata keçirib və müxtəlif geosiyasi çağırışlara baxmayaraq, vətəndaşların enerji təminatında ciddi problemlər yaranmayıb.

Nazir bildirib ki, Serbiyanın əsas prioritetlərindən biri regional enerji əlaqələrinin gücləndirilməsidir. Bu çərçivədə ölkə elektrik enerjisi interkonnektorlarının ötürmə gücünü təxminən 4 min meqavatdan 6 min meqavata çatdırmağı planlaşdırır.

C. Handanoviç qeyd edib ki, Serbiya son illərdə qaz təchizatı marşrutlarını da şaxələndirib. Eyni zamanda, ölkənin daxili qaz infrastrukturunun genişləndirilməsi və qazın ölkənin müxtəlif istiqamətləri üzrə nəql imkanlarının artırılması məqsədilə yeni layihələr hazırlanır.

Nazirin sözlərinə görə, Serbiyanın bərpa olunan enerji sektorunda da əhəmiyyətli artım qeydə alınıb. Günəş və külək enerjisinin quraşdırılmış gücü son dörd ildə üç dəfədən çox artaraq təxminən 400 meqavatdan 1,3 giqavata çatıb.

O bildirib ki, bərpa olunan enerji mənbələri üzrə keçirilən hərracların nəticəsində 17 yeni külək və günəş elektrik stansiyası layihəsi əldə edilib. Onlardan səkkizi artıq elektrik şəbəkəsinə qoşulub.

Serbiya həmçinin nüvə enerjisindən istifadə imkanlarını genişləndirməyi planlaşdırır. Nazir bildirib ki, nüvə elektrik stansiyalarının tikintisinə qoyulmuş moratorium ləğv edilib və nüvə enerjisinin gələcək enerji balansının bir hissəsinə çevrilməsi üçün şərait yaradılıb. Nüvə proqramının birinci mərhələsinin 2027-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.

Nazir ABŞ ilə enerji əməkdaşlığı çərçivəsində "Djer­dap 3" reversiv hidroelektrik stansiyası layihəsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, layihə Cənub-Şərqi Avropada iri enerji saxlama imkanlarından birinə çevrilə və regionun enerji təhlükəsizliyinə töhfə verə bilər.

Cedoviç Handanoviç həmçinin Serbiyanın Avropa enerji bazarı ilə inteqrasiyanı sürətləndirməkdə maraqlı olduğunu vurğulayıb. O bildirib ki, ölkə elektrik enerjisi bazarlarının birləşdirilməsi üçün zəruri tənzimləyici şərtləri yerinə yetirən ilk ölkələrdən biridir və məqsəd 2028-ci ildə bazarların birləşdirilməsinə hazır olmaqdır.