Özbəkistan BMT-də Mərkəzi Asiyanın islam sivilizasiyasının inkişafına töhfəsi ilə bağlı qətnamənin qəbuluna təşəbbüs göstərir
- 13 noyabr, 2025
- 10:57
Özbəkistan Mərkəzi Asiyanın islam sivilizasiyasının qlobal maarifçiliyin inkişafına töhfəsi haqqında qətnamənin qəbulu üçün BMT-nin qərargahında tədbir keçirməyi planlaşdırır.
"Report"un Daşkəndə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresinin iştirakçılarına ünvanladığı təbrik müraciətində bildirib.
"Gələn il biz BMT-nin mənzil-qərargahında təşkil olunacaq və ulu əcdadlarımızın zəngin elmi və mənəvi irsinə həsr ediləcək təqdimat çərçivəsində qətnamənin qəbuluna dair ayrıca tədbir keçirməyi planlaşdırırıq", - Özbəkistan Prezidenti qeyd edib.
Ş.Mirziyoyev bildirib ki, tərəflər Mərkəzi Asiyanın elm və maarifçilik mərkəzi kimi mövqeyini gücləndirmək üçün birlikdə işləməlidirlər.
Özbəkistan lideri həmçinin vurğulayıb ki, Mərkəzi Asiya və Azərbaycan çoxəsrlik mədəni əlaqələrlə bağlıdırlar: "Məlum olduğu kimi, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın xalqlarını çoxəsrlik dostluq və qardaşlıq bağları, ortaq tarix və mədəniyyət, zəngin mənəvi və elmi irs birləşdirir".