SANA: İsrail və Suriyanın yüksək səviyyəli nümayəndə heyətləri deeskalasiyanı müzakirə edib
- 24 avqust, 2026
- 03:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Xarici işlər naziri Əsəd əş-Şeybaninin başçılıq etdiyi yüksək səviyyəli Suriya nümayəndə heyəti ABŞ-nin vasitəçiliyi ilə bazar günü İordaniyada analoji səviyyəli İsrail nümayəndələri ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə SANA ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə həmçinin Suriyanın Baş Kəşfiyyat İdarəsinin və Hərbi Kəşfiyyatının rəhbərləri daxil olublar.
Görüş gərginliyin azaldılmasına, eləcə də iki ölkə arasında danışıqların bərpası yollarının axtarılmasına yönəlib.
Suriya vurğulayıb ki, istənilən təhlükəsizlik tədbirləri onun suverenliyinə, ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşmalıdır. Tərəflər həmçinin İsrailin Suriyaya qarşı hücumlarını dayandırmaq və gələcəkdə daha əhatəli saziş bağlamaq üçün danışıqlar masası arxasına qayıtmaq zərurətini müzakirə ediblər.
Qeyd edək ki, avqustun 18-də İsrail aviasiyası Suriyanın İdlib əyalətinin şərq hissəsində yerləşən hərbi aviabazanın uçuş-enmə zolağına səkkiz zərbə endirib. BMT isə hücumları qınayaraq bunu "Suriyanın ərazi bütövlüyünün və hava məkanının pozulması" adlandırıb.