Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra kral ailəsini təmsil etməyəcəklər

Digər ölkələr
  • 08 sentyabr, 2026
  • 03:17
Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra kral ailəsini təmsil etməyəcəklər

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl Böyük Britaniyaya qayıtdıqdan sonra özəl statusda yaşayacaq və kral ailəsini təmsil etməyəcək, həmçinin rəsmi vəzifələri yerinə yetirməyəcəklər.

"Report"un "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya kralı III Çarlzın sarayda rəsmi tədbirlərin koordinasiyasına və monarxın parlamentlə əlaqələrinə cavabdeh olan lord-kamerlen Riçard Benyona ünvanladığı məktubda bildirilib.

Rəsmi açıqlamaya ehtiyac avqustun sonunda Sasseks hersoqu və hersoginyasının ailəsi ilə birlikdə Böyük Britaniyada yaşamaq üçün geri qayıtmasından sonra yaranıb. Bundan əvvəl mediada onların kral ailəsinin rəsmi vəzifələrini yenidən yerinə yetirmək niyyətində olmadıqları barədə məlumatlar yayılmışdı.

Məktubda qeyd olunur ki, Harri və Meqan 2020-ci ilin yanvarında monarxın adından nümayəndəlik vəzifələrini yerinə yetirməkdən imtina ediblər və o vaxtdan etibarən kral ailəsinin çalışan üzvləri hesab olunmurlar.

"Hazırda Sasseks hersoqu və hersoginyasının statusunda heç bir dəyişiklik yoxdur", – sənəddə vurğulanır. Bununla əlaqədar olaraq, Harri və Meqan "Əlahəzrətləri" titulundan istifadə edə bilməzlər.